Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbi ilə Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi haqda qərar qəbul etdi.
Offsideplus.az-a Milli Oıimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, BOK-un bu qərarını şərh edən, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi milli komandamızı ruhdan salmamalıdır:
“Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmaycaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir.”
MOK vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsi Azərbycan Respublikası Prezidentinin rəhbərliyi altında koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir və MOK öz işini reallaşdırılan bu fəaliyyətin məcrasında davam etdirməyi planlaşdırır.
MOK rəsmisi xüsusi olaraq qeyd edib ki, atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmanançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti və olimpiya hərəkatının təbliği, olimpiya lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik.
“Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcəkdir.” sözləri ilə MOK vitse-prezidenti Çingiz Hüseynzadə fikrini tamamlayıb.