Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Liderliyin inkişafı Proqramı” layihəsinin Gürcüstan, Türkiyə, Ukrayna, Fransa və Almaniyadan olan üzvləri ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan, çalışdıqları sahələrdə uğur qazanan və yaşı 30-40 arası liderlik qabiliyyəti olan azərbaycanlıların bir araya gətirilməsi, onların vasitəsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və şəbəkənin daha da genişləndirilməsidir.

Nazir layihənin önəmindən, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların hər birinin ölkəmizin tanıtımı ilə bağlı ata biləcəyi addımlardan, Qarabağla bağlı həqiqtələrin dünyaya çatdırılmasının əhəmiyyətindən danışıb. Rəhimov Gənclər və İdman Nazirliyinin istər azərbaycanlı gənclərin müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərə, istərsə də, əcnəbi gənclərin Azərbaycana səfərlərinin təşkilinə, xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə keçirilən düşərgələrinə dəstək olduğunu, bununla yanaşı, həmin istiqamətdə işlərin görüldüyünü diqqətə çatdırıb.

“Nazirliyimizin uzun illərdir, uğurla həyata keçirdiyi layihələrdən biri müxtəlif ölkələrdəki səfirliklərlə birgə gerçəkləşən “Mən Azərbaycan haqqında nə bilirəm?” - layihəsidir. Ötən illər ərzində 50-dən çox ölkədə baş tutan bu layihə sayəsində minlərlə əcnəbi gənc Azərbaycana səfər edib. Xarici ölkələrdə təhsil alan Azərbaycanlı gənclər də bizim daim sıx ünsiyyətdə olduğumuz qrupdur. Bizim üçün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, gənclərin böyük bir şəbəkə halında fəaliyyət göstərməsinə dəstək prioritet istiqamətlərdəndir”, - deyə o bildirib.

Rəhmov müxtəlif ölkələrin məktəblərində Azərbaycan siniflərinin yaradılmasının, sosial mediadan daha çox istifadə edərək ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının, gənclərin ümumi ideya ətrafında birləşmələrinin və digər mühüm məsələlərin önəmindən danışıb və nazirliyin qarşılıqlı əməkdaşlığa daim hazır olduğunu bildirib.