Moskvada idman jurnalistləri arasında “Energiya pobed” adlı ənənəvi 9-cu müsabiqə-festivala yekun vurulub.
Həmyerlimiz Rasim Mövsümzadə (Mövsümov) beynəlxalq müsabiqənin əcnəbi rusdilli kütləvi informasiya vasitələri arasında “Ən yaxşı yazı” nominasiyasında 2-ci yeri tutaraq gümüş medalla təltif olunub. Tanınmış idman yazarı müsabiqə ilə bağlı fikirlərini bildirib:
“Sportsman” jurnalında çıxan “Məlum və naməlum Gullit” yazım bu şərəfə layiq görülüb. Burada futbolla bağlı uşaqlıq xatirələrim, ötən əsrin 80-ci illərinin sovet mətbuatı, həmçinin nüfuzlu “Qızıl top” mükafatı və məşhur niderlandlı futbolçu Ruud Gullit barədə maraqlı faktlar yer alıb.
Qeyd edim ki, “Qazprom” şirkətinin dəstəyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışmada Rusiya Federasiyası regionları və xarici ölkələrdən müxtəlif nominasiyalar üzrə 305 jurnalist qatılıb. Son bir il ərzində işıq üzü görmüş işlərin qəbul edildiyi müsabiqənin münsiflər heyətinin sədri məşhur idman şərhçisi Viktor Qusev olub.
Bizim - laureatların mükafatlandırılması mərasimi Moskvanın tarixi mərkəzində “Krasnıy Oktyabr” art-klasterində keçirilib. Qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
Məlumat verim ki, “Energiya pobed” müsabiqə-festivalı ilk dəfə 2011-ci ildə təşkil edib. İndiyədək yarışmaya Rusiya və yaxın və uzaq xaricin 20 ölkəsindən iki mindən çox jurnalist qatılıb”.
Yazıları müxtəlif vaxtlarda Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və s. ölkələrdə nəşr olunan Rasim Mövsümzadə həmçinin "Bir qolun tarixçəsi" adlı kitabın müəllifidir. O, 2007-ci ilin fevralında Rusiyanın "Ves futbol" jurnalının futbol üzrə dünya çempionatlarının tarixinə həsr olunmuş çətin viktorinasının qalibi olub. Rasim Mövsümzadənin 2013-cü ildə Türkiyədə "İlin ən yaxşı əcnəbi idman yazarı" nominasiyasında "Futbol Oscarı" mükafatına, 2015-ci ildə isə "Sportsman" jurnalı tərəfindən "İlin idman jurnalisti" nominasiyasında "Zəfər" mükafatına layiq görüldüyünü də bildirək.
***
Rasim Mövsümzadənin məlumatına görə, mükafatlandırma mərasimindən əvvəl isə “Energiya pobed” müsabiqə-festivalı çərçivəsində Rusiya Olimpiya Komitəsində idmana bağlı tanınmış şəxslərin iştirakı ilə seminar və master-klass keçirildi.
Əvvəlcə “İdman incəsənət kimi. İncəsənət idman kimi” mövzusunda danışmaq üçün dəvət edilən sovet və rus aktyoru, Rusiyanın xalq artisti, Moskva “Lokomotiv”inin azarkeşi Valeri Barinov jurnalistlərin qarşısına çıxdı.
O, çıxışına, - “Futbol – indi də məndə yaşayan uşaqlıqdır”, - fikri ilə başladı.
Barinov Moskva “Lokomotiv”inin çalışdırıcısı Yuri Syomini Rusiyanın son illərdə ən yaxşı məşqçisi hesab etdiyini bildirdi. Onunla Oryol şəhəri yaxınlığında böyüdüklərini, eyni sinfə getdiklərini, eyni məhəllədə futbol oynadıqlarını xatırladı. Elə o vaxtdan da yaxın dostdurlar.
Gülümsəyərək uşaqlıq dövrlərindən bir məzəli hadisəni də danışdı: “Onu babası kimi Yuxa deyə çağırırdılar. Futbola marağını nəzərə alan atası bir dəfə ad günündə, böyük topun daha yaxşı olduğunu düşünərək, ona basketbol topu hədiyyə etmişdi. Həmin topla futbol oynamaq çox çətin idi”.
Syominin 2013/14 mövsümündə bizim “Qəbələ”ni çalışdırmasını da yada saldı: “Qəbələ”dən əvvəl artıq futboldan getdiyini deyirdi. Bu komandanı ona görə seçmədi ki, yaxşı pul təklif olunmuşdu, sadəcə işsiz qala bilmədi”.
Barinov mənimlə söhbətində həmin dövrdə dostu Syominin dəvətilə həm Bakıda, həm də Qəbələdə qonaq olduğunu da dedi.
Tanınmış aktyorun çıxışından və sullara verdiyi cavablardan digər maraqlı məqamlar və fikirlər:
“Konstantin Beskov, Lev Yaşin, Yuri Syomin kimi dahilər futbolda qalmaqalla deyil, öz zəhmətləri ilə ad qazanıblar.
Bir dəfə Milana uçanda təsadüfən keçmiş hokkeyçi, o vaxt televiziya şərhçisi işləyən Yevgeni Mayorovu gördüm. Xəstəliyi səbəbindən təyyarədən çıxmaqda çətinlik çəkirdi, kömək etməyimi istədi. Onlar idmana həyatlarını verirlər, bu səbəbdən idmançıların böyük pullar qazanması normal haldır.
“Legenda № 17”, “Dvijeniye vverx” kimi idman filmləri barədə – ümumiyyətlə, ideyanı bəyənirəm, amma ssenaridəki yalanlar, uydurmalar məni qıcıqlandırır.
Kinoda tanınmış həndbol məşqçisi Yevgeni Trefilovun rolunu oynamaq istərdim.
“Lokomotiv”də və Rusiya yığmasında çıxış edən futbolçu Dmitri Barinov ilə heç bir qohumluq ələqalərim yoxdur.
Futbol və ya teatr biznesə çevriləndə onların məğzində olan izahedilməzlik, müəmma itir.
İdman bizi tribunalarda birləşdirən vasitədir.
Həmişə hesab edirəm ki, hər şey məndən asılıdır”.
Söhbət əsnasında idmandankənar bir hadisəni danışan Barinov Rusiya telekanallarından birinin reytinqli verilişindən guya nikahdankənar qızının tapıldığı və bunun üçün DNT analizi aparacaqları, razılaşacağı halda 500 min rubl (14 min manata yaxın) məbləğində qonorar verəcəkləri ilə bağlı təklifi təəccüblə qarşıladığını və qəbul etmədiyini də diqqətimizə çatdırdı.
***
Sonra tanınmış idman fotoqrafı, öz sahəsində həm Rusiyada, həm də beynəlxalq arenada mükafatlar qazanmış Sergey Kivrin “İdman fotojurnalistikasının problemləri” mövzusunda danışdı. O, 1980-ci ildən ümumilikdə 18 yay və qış olimpiadasında foto çəkdiyini diqqətimizə çatdırdı.
Digər fotoqraf Andrey Qolovanovla birlikdə çalışdıqlarını qeyd edən Kivrin yarışlarda bu prinsiplə işlədiklərini bildirdi: “Kütlə, yəni əksər fotoqraflar haradadırsa, biz orada olmalı deyilik, bizim öz xüsusi yerimiz olmalıdır. Yaxşı şəkildə hər şey üst-üstə düşməlidir – fon, əllərin mövqeyi və sair...”
O, həmçinin son vaxtlar yarış meydanlarında fotoqrafların sıxışdırıldıqlarını, sərbəst hərəkət etmək imkanlarının məhdudlaşdırıldığını, ancaq onlar üçün ayrılmış yerlərdə foto çəkməyə icazə verildiyini narazılıqla vurğuladı.
***
Tanınmış idman şərhçisi, Rusiyanın əməkdar mədəniyyət işçisi, TEFİ mükafatının laureatı Gennadi Orlov “Şərhçi mikrafon qarşısında” mövzusunda master-klass keçdi.
1973-cü ildən televiziyada şərhçilik edən Orlov indiyədək 17 olimpiadada çalışdığını da xatırlatdı.
O, ötən əsrin 60-cı illərində Xarkovun “Metallist” və Sankt-Peterburqun “Zenit” və “Dinamo” komandalarının formasını geyinib. Ondan futbolçu karyerası barəsində daha geniş məlumat verməsini istədikdə Azərbaycandan olduğumu bilərək hətta 1961-ci ildə Ukraynanın yeniyetmələr yığmasının heyətində Bakıda məktəblilərin spartakiadasında çıxış etdiyini də yada saldı.
Orlovun çıxışından şərhçiliklə bağlı maraqlı məqamlar və fikirlər:
“Əsas düzgün nəfəs almağı öyrənməkdir. Mən fasiləsiz 12 saat şərh edə bilərəm.
Kimisə yamsılamaq, təqlid etmək, kiməsə oxşamaq lazım deyil.
Yaxşı şərhçi olmaq üçün dili və öz sahəni mükəmməl bilməlisən.
Mən efirdən həmişə həqiqəti deyirəm, amma hamısını yox.
Yaxşı jurnalist həmişə bir dəlili, sübutu ehtiyatda saxlayar”.
***
“İdman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda danışan tanınmış jurnalist Keir Radnedge televiziyanın xüsusilə görüntünün rəngli olmasından sonra sponsorların və azarkeşlərin diqqətini daha çox cəlb etməyə başladığını vurğuladı.
Britaniyalının bu fikri də diqqətimi cəlb etdi: “Jurnalistika mənim üçün təhsildir”.
O, ümumiyyətlə, jurnalistikanı xeyirli bir iş hesab etdiyini vurğuladı: “Yazırsan, izləyirsən, öyrənirsən, üstəlik buna görə maaş da alırsan”.
Radnedge hamıya məsləhət də verdi: “Öz məqsədinizə çatmaq üçün bir qədər artıq yol qət etməkdən çəkinməyin”.
1965-ci ildən idman jurnalistikasında fəaliyyət göstərən, 30-dan çox idman kitabının müəllifi olan şəxsin tövsiyələrini dinləməyə dəyər.