Ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova bürünc medal əldə edib.
Offsideplus.az xəbər verir ki, o, top ilə hərəkətlərin icrasında 32,850 xal alıb və 3-cü olub.
İtaliyalı gimnast Sofia Raffaeli 33,650 xalla yarışı 1-ci, Bolqarıstan təmsilçisi Stiliana Nikolova 33,350 xalla 2-ci pillədə yeri tutub.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır.