Voleybol üzrə Azərbaycan millisinin üzvü Olena Xarçenko komandanın V İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirib və qarşıya qoyulan hədəfdən danışıb.
Offsideplus.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə açıqlama verən voleybolçu bunları söyləyib:
"İslam Həmrəyliyi Oyunları böyük yarışdır. Burada bir çox növlər üzrə idmançılar çempionluq uğrunda mübarizə aparırlar. Bu cür yarışlar hər birimiz üçün böyük təcrübədir. İslamiadada iki qələbə qazanmışıq. Qrup mərhələsində bir matçımız qalıb. Hədəfimiz 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı uğuru təkrarlamaq və vətənə qızıl medalla dönməkdir. Bunun üçün hər cür şansımız var. Komandamıza uğurlar arzu edirəm"
Qeyd edək ki, Azərbaycan millisi Konyada keçirilən V İslam Həmrəyliyi oyunlarında yer aldığı B qrupunun ilk iki matçında müvafiq olaraq, Seneqal və Əfqanıstan yığmalarına (3:0) hesabıyla qalib gəlib. Eldar Yusubovun komandası qrupda sonuncu oyununu isə avqustun 12-də Kamerun seçməsinə qarşı keçirəcək.