Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni komandası məlum olmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, son olaraq ölkəsinin “Nasional” klubunda çıxış edən 35 yaşlı forvard karyerasını “Los-Anceles Qalaksi”də davam etdirə bilər. Bu barədə "Relevo" məlumat yayıb.
Bildirilir ki, ulduz oyunçunun həyat yoldaşı və baldızı MLS təmsilçisi ilə danışıqlar aparır. Transfer başa çatmaq üzrə olsa da, rəsmi olaraq reallaşması üçün bəzi xüsusi şərtlər yerinə yetirilməlidir.
MLS-də klublar tərəfindən futbolçulara 1,5 milyon dollardan çox maaş ödəməsinə mane olan bir qərar var. Komandada 3-dən çox oyunçuya bu məbləğdən artıq maaş verilə bilməz. Suaresin transferində bununla bağlı məsələnin müzakirə olunduğu vurğulanır.
Xəbərə görə, MLS-in digər təmsilçisi "İnter Mayami"nin sahibi Devid Bekhem və "Qremio" klubu da təcrübəli oyunçunu heyətində görmək istəyir. Braziliya klubunun təklifinin şərtlər baxımından kifayət qədər cəlbedici olduğu bildirilir. Bununla belə, forvardın ailəsi üçün əsas seçimin "Los Anceles Qalaksi" olduğu deyilir.
Qeyd edək ki, Luis Suares “Nasional”la Uruqvay çempionatının qalibi olub. O, cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə edib. Uruqvay millisinin üzvü müqaviləsi bitdikdən sonra komandadan ayrılıb.