“Səbail”in futbol akademiyasının 3 qapıçısı – Fazil Həsənzadə, İsmayıl Novruzov və Suad Bayramovun İker Kasiliyasla görüşü həyata keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “dənizçilər” dünya və 2 qat Avropa çempionunun “Ustad dərsləri”ndə iştirak edəcəklər. “Ustad dərsləri” BƏƏ-nin Dubay şəhərində, sabiq ispaniyalı qapıçının rəhbərlik etdiyi “İker Casillias” Akademiyasında keçiriləcək. Akademiyada İker Kasilyasla yanaşı, İspaniyanın nüfuzlu qapıçı məşqçiləri də fəalliyyət göstərir. Layihə dünyanın müxtəlif ölkələrindən gənc istedadları bir araya gətirərək onlar üçün aparıcı təlim proqaramları təşkil edir.
Gənc qapıçıların sözügedən layihədə iştirak etməsi ilə bağlı “Səbail” akademiyasının direktoru Mirbağır İsayev fikirlərini bölüşüb. O, klub saytına açıqlamasında bunları söyləyib:
“İlk olaraq akademiyamıza bu şəraiti yaratığına görə, ASCO-ya və ASCO-nun sədri Rauf Vəliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. İstər mənəvi, istərsə də maddi tərəfdən həmişə onların dəstəyini görmüşük və görməkdəyik. Qapıçılarımızın Dubaya ezam olunması bizi çox sevindir. Onlar dahi qolkiper olmuş İker Kasilyas ilə birlikdə məşqlərdə iştirak edəcəklər. Əminəm ki, bu məşqlər gənc istedadlarımızın gələcəkdə peşəkar qapıçı kimi inkişaf etməsi üçün böyük təkan olacaq. Bildiyiniz kimi, Kasilyas uzun illər həm “Real”ın, həm də İspaniya millisinin qapısını qoruyub. Karyerasında qazanmadığı böyük titul yoxdur. Vaxti ilə televizordan izlədikləri sevimli qapıçılarının tövsiyyələrini dinləyəcəklər. İnanıram ki, bu görüş onlara seçdikləri mövqenin necə məsuliyyət tələb etiyini bir daha dərindən aşılayacaq. Gənc oyunçularımıza və onların məşiqçisi, 6 ildir akademiyamızda fəaliyyət göstərən Zaur Əmirova bu ezamiyyətdə uğurlar arzulayıram”.