AFFA Yüksək Qızlar Liqasında mübarizə aparan Şəkinin "Marxal" klubu ciddi itkilərlə üzləşib.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin 7 oyunçusuna - Aysu Cəfərova, İnci Cəfərova, Nəzrin Osmanova, Sürayə Dadaşova, Fatimə Behbudova, Məleykə Məmmədli və Nərmin Məmmədovaya koronavirus şübhəsi ilə həkimlər tərəfindən 2 gün müddətinə ev şəraitində qalmaları tövsiyə edilib. 

Bundan başqa, komandanın daha iki üzvü də heyətdən kənarda qalıb. Belə ki, Fidan Cəfərova qolundan aldığı zədəyə görə əməliyyat edilib və həkim tərəfindən oynamağına icazə verilmir. Digər futbolçu Nahidə Məmmədova isə oktyabrın 15-də "Naftalan" komandası ilə oyunun 90-cı dəqiqəsində ayağından aldıgı zədə səbəbilə oyunu tərk edib. Ona həkim tərəfindən əzələ bağlarının dartılması diaqnozu qoyulub və oynaması tövsiyə edilmir.

Bir sözlə, "Marxal"ın 9 əsas oyunçusu heyətdə yoxdur. Bu üzdən komanda rəhbərliyi AFFA-ya müraciət edərək, "Neftçi" ilə keçirilməli olan görüşün təxirə salınmasını istəyib. Qurum isə cavabında buna görə Şəki təmsilçisinə texniki məğlubiyyət veriləcəyini bildirib.

Bununla razılaşmayan "Marxal" rəhbərliyi məsələ ilə bağlı yenidən ölkənin ali futbol qurumuna müraciət göndərməyi düşünür.