"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Ağdam təmsilçisi ilə oyun öncəsi ciddi itki ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Pirey təmsilçisinin hücumçusu Yussef Əl-Arabi Yunanıstan çempionatının 6-cı turu çərçivəsində "Atromitos"u (2:0) məğlub etdikləri görüşdə sıradan çıxıb.
Klubun həkimlərinin ilkin rəyinə əsasən, fasilədə əvəzlənən mərakeşli forvardın sağ dizinin yan bağlarında problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi məlum deyil.
Xatırladaq ki, "Olimpiakos"da bundan öncə 4 futbolçu zədələnmişdi. Qapıçı Tomaş Vatslik, müdafiəçilər Usseynu Ba, Panayotis Retsos, hücumçu Hvan Uy Co "köhlən atlar"a qarşı görüşdə meydana çıxmayacağı bəlli olmuşdu.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında 2-ci görüş bir həftə sonra Bakıda baş tutacaq.