"Reyncers" "Beşiktaş"ın cinah müdafiəçisi Rıdvan Yılmazı transfer etmək istəyir.

 Offsideplus.az xəbər verir ki, Şotlandiya təmsilçisi İstanbul klubundan "Ayntraxt"a (Frankfurt) keçidi son anda baş tutmayan türkiyəli futbolçunun durumu barəsində maraqlanıb. Xəbərə görə, tərəflər arasında danışıqlar 10 gündür ki, davam edir. "Beşiktaş"ın oyunçusu üçün şotlandlardan 6 milyon avro və sonrakı satışdan pay tələb etdiyi deyilir.

Qeyd edək ki, 21 yaşlı futbolçu klubun öz yetirməsidir. O, 2018-ci ildən çıxış etdiyi əsas komandada 62 oyunda 4 qolla yadda qalıb. Rıdvan Yılmaz 2021-ci ildən çağrıldığı Türkiyə millisində isə 3 matç keçirib.