"Turnir çox gərgin mübarizə şəraitində keçdi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında şahmat üzrə qadınlar arasında Azərbaycan çempionu Gövhər Beydullayeva deyib.
O, çempionluq təəssüratları haqda bunları bölüşdü:
"Bu çempionatda güclü qadın şahmatçılar mübarizə aparırdı və çətin keçəcəyini bilirdim. Günay Məmmədzadədən başqa digərləri yığma üzvləri və qrossmeysterlər idi. Yarışda 8 idmançı çıxış edirdi, onların 6-sı qadınlar arasında qrossmeyster tituluna sahib idilər. Amma qalib olduğum üçün çox xoşbəxtəm".
Beydullayeva çempion olmasına baxmayaraq, yarışın onun üçün yaxşı keçmədiyini bildirib:
"İlk 3 turu qələbə ilə bitirdim. Bundan sonrakı turlarda yaxşı oyun getsə də, qalib gələ bilmədim. Buna görə də tam olaraq istədiyim kimi oynadığımı deyə bilmərəm".
19 yaşlı şahmatçı gələcək karyerası və hədəfləri haqda danışıb:
"Bu il güclü yarışlarda iştirak edəcəyik. Bunlar Hindistanda keçiriləcək ümumdünya şahmat olimpiadası, Avropa çempionatı, 20 yaşadək qadınlardan ibarət dünya çempionatı və sürətli qadınlar arasında dünya çempionatıdır. Bu turnirlərin hamsın da yaxşısını etməyə çalışacam. Ölkəmizi layiqincə təmsil etmək istəyirəm".
Cavid ƏIiyev