"Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalya toplanışı çərçivəsində Rumıniyanın "Sepsi" kubu ilə yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis, klubun mətbuat xidmətinə açıqlamasında 2:0 hesablı qələbəni şərh edib:
"İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq. Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq".