"Mən Kosovo ilə görüşdən öncə də şansların 50/50-yə olduğunu demişdim. Uşaqlar sonadək mübarizə apardılar, qalib gələ bilərdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın kişi basketbolçularından ibarət milli komandasının baş məşqçisi Tahir Baxşıyev Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsində Kosovo ilə səfər matçından sonra söyləyib.
Təcrübəli çalışdırıcı yığmamızın məğlubiyyətində (79:81) hakimləri günahlandırıb: "Adətən hakimlər haqqında fikir bildirmirəm. Ancaq Kosovo ilə oyunda hakimlərin kobud səhvlər buraxdıqlarını qeyd etməliyəm. Onlar bütün qərarları meydan sahiblərinin lehinə verirdilər. Əlbəttə, bu amil qələbə qazanmağımıza çətinlik törətdi. Hərçənd, qalib gəlmək istəyimiz çox böyük idi. Təəssüf ki, bu dəfə alınmadı".
Qeyd edək ki, milli komandamız fevralın 23-də ilkin təsnifat mərhələsinin A qrupunda son görüşünü İrlandiyaya qarşı keçirəcək.