Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 Avropa çempionatı B divizion turnirində Azərbaycan millisinin üzvü Emmanuel Aqbason nadir tarixi uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, gənc mərkəz oyunçumuz qrup mərhələsində Şimali Makedoniyaya 57:67 hesabı ilə uduzduğumuz matçda blokların da yer aldığı möhtəşəm "triple-double" müəyyənləşdirib. Emmanuel qarşılaşmanı 12 xal, 18 ribaund və 10 blokla tamamlayıb.
Aqbason bu göstərici ilə bir oyunda edilən blok sayına görə turnirin rekordunu yeniləyib. O, 2023-cü ildə albaniyalı Xhuljan Tolanın imza atdığı rekordu şərikli şəkildə yenidən təkrarlayıb.
Yarışın növbəti mərhələsi öncəsi Agbason həm ribaund (hər oyuna orta hesabla 15.0), həm də blok (hər oyuna orta hesabla 4.0) göstəricilərində turnirə liderlik edir.
Qeyd edək ki, sözügedən turnirin tarixində indiyədək cəmi altı "triple-double" qeydə alınıb. Lakin Aqbason buna məhz bloklar sayəsində nail olan ilk basketbolçudur.


