"İlk növbədə bizi yaxşı komandaya qarşı oyun gözləyir. İntensiv futbol oynayırlar. İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin. Sabah meydana qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yığma komandasının kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsndə Avstriyaya qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

O, özünü millidə uğur talismanı hesab etmədiyini bildirib: "Belə şeylərə inanmıram. Bəlkə də, kapitan kimi tez-tez gəlirəm, danışıram. Komandaya sözü mən çatdırıram".

E.Mahmudov Azərbaycan millisinin uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika Stadionunda çıxış edəcəyi haqda bunları söyləyib: "Yaxşıdır ki, stadion şəhərin mərkəzindədir, azarkeş çox gələcək. Əsas oyur ki, uğurlu olsun".

Yarımmüdafiəçi sonda "Avstriya yığmasına necə qalib gəlmək olar" sualını belə cavablandırıb: "Çox sıx oynamaqla, bir-birimizə yaxın olmalıyıq. Çünki onlar yaxşı top saxlayır. Ara paslarını yaxşı verirlər. Arxada top itirməməliyik. Səfərdə 1:4 hesabı ilə uduzanda, onlar topu bizdən alıb hücuma qoşulurdular. Çalışacağıq ki, rəqibə çox şans verməyək. Çətindir, Avstriya çox yaxşı komandadır. Amma çalışacağıq ki, yaxşı nəticə olsun".