Misli Premyer Liqasında VIII turunun "Qəbələ" - "Səbail" oyunundan sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

Çətin oyun oldu. Komanda ağıllı futbol oynadı və epizodların birini dəyərləndirə bildi. İlk dövrə geridə qaldı, 9 oyundan sonra mən özüm də belə nəticə gözləmirdim. "Qəbələ" ağıllı oyun oynadı. Rəqibi öz üzərimizə çəkməyə çalışdıq. Heç - heçə və ya qələbə hər iki komanda üçün ədalətli nəticə olardı.

- Qalib gəlsəniz də, rəqibə çox qol epizodu verdiniz. Bu sizin üçün siqnaldır?

- Bəli, boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirlər. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. "Qəbələ"nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.

- Avrokubok hədəfləriniz böyüyür?

- Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Biri olmayanda, digəri meydana çıxa bilməlidir. Məsələn, Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır komandada ki, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, "bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı"(gülür)