"Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 8-ci turunun "Kəpəz"lə oyunundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

"Turnir cədvəlində bir-birinə yaxın kollektivlər qarşılaşırdı. Bilirdik ki, ağır olacaq. Gəncə səfəri hər bir komanda üçün ağırdır. Kollektivdən daha çox oyuna nəzarət etməyi, hücumun təşkil edilməsini istəyirdik. Futbolçular da bunu yerinə yetirməyə çalışırdı. Komandadan istədiyimi ala bildim. Vacib qələbə idi. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçları düşünürük.

Ötən dəfə də oyundan sonra demişdim ki, çempionat hələ yeni başlayıb, amma fərqli reaksiyalar var. Biz də bilirik ki, daha çox oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər. Məni sevindirən odur ki, komanda meydanda istədiyimi verməyə çalışır. İstədiyimiz oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək.

Ahmed Ayzayadan qabaq Əyyub Allaşı dəyişmək fikrimiz var idi. Sadəcə Ayzayanın əvəz edilmək istədiyi epizodu görməmişəm. Ayzayanın yerinə Allaşı dəyişdik. O, bizim üçün önəmli futbolçudur, potensialı olan biridir. Ancaq daha yaxşı ola bilər. Öz üzərində daim çalışır. Düşünürəm ki, bu mövsüm daha fərqli Ayzaya görə bilərik”.