"Araz-Naxçıvan" klubu Misli Premyer Liqasının 2-ci turunda öz meydanında "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

- Hava şəraitinə görə oyun bir az ağır keçdi. İlk hissədə çox qaçdıq. Bilirdik ki, "Qəbələ" daha hazırlıqlıdır. Bəzi çatışmazlıqlarımız oldu. Bu, üç xal bizim üçün çox vacib idi.

- "Turan Tovuz" qarşı yaxşı oynamışdız, bu gün də rəqibdən üstün idiniz. Bir ata toplanan komandanı necə bu vəziyyətə gətirdiniz?

- Tam komanda olaraq 20 gündən artıq vaxtımız keçib. İşimiz çox çətindir. Futbolçulara fərdi olaraq tam başqa cür yanaşırıq. Onların motivasiyasını maksimum dərəcəyə gətirmək istəyirik. İnsan gəmisi hisslərlə futbol oynayır. Yaxşı kollektiv yaratmaq istəyirik. Oyundan-oyuna bunu daha da təkmilləşdirəcəyik.

- Əsas psixoloji amilə üstünlük vermisiz?

- Bəli. Çünki, legionerlər adaptasiya olmalıdır. Hər futbolçunun meydanda öz funksiyası var. Onların hər birinin bütün zonalarda oynamasını istəyirik. Bizim üçün psixoloji amil çox vacibdir.

- Növbəti rəqibiniz "Qarabağ"dır. Ağdam təmsilçisinin Avropa Liqasında oynaması sizin xeyrinizə olacaq?

- Bu gün çempionatda "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir. Elə amilləri düşünmürəm. Hər həftə oyunumuzu təkmilləşdirmək, öz dəsti-xəttimizi yaratmaq istəyirik. Bu, bilmirəm nə qədər vaxt aparacaq. Bu gün rəqiblərə uyğun oynayırıq. Hələ ki, öz futbolumuzu otuzdura bilmirik. Vaxt lazımdır. Milli fasilədə vaxtımız olacaq.

- Semir Bukviçin səhvlərinə görə yeni qapıçı transfer etdiniz?

- Yox. Əlavə qapıçı istəyirdik. Bu gün Bukviçə də güvənirik. Düşündük ki, Semir bəlkə çətin psixoloji durumdan çıxmaya bilər. Bunu zaman göstərəcək.