Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əsas milli komandanın baş məşqçi postuna "əl gəzdirməyə" hazırlaşır.

 Qurum yığmanın hazırkı çalışdırıcısı Canni de Byazi ilə yola davam etmək niyyətində deyil. 

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, AFFA artıq 66 yaşlı italiyalı mütəxəssisə əvəzləyici də tapıb. Belə ki, millinin "sükan"ı "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevə tapşırılacaq. Ölkənin bir nömrəli futbol qurumu geridə qoyduğumuz mövsüm Azərbaycan Kubokunu qazanan 42 yaşlı çalışdırıcıya şans tanıyacaq.

AFFA rəhbərliyi Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Bakıda Estoniya yığması ilə baş tutacaq oyunda mənfi nəticə əldə edəcəyi təqdirdə, De Byaziyə qapını göstərəcək. 

Bildirək ki, De Byazi 2020-ci ilin 30 iyulundan Azərbaycan millisinə rəhbərlik edir. Onun AFFA ilə müqaviləsinin müddəti bu ilin 30 noyabrında başa çatır.

Offsideplus.az