"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu. Qələbədən də vacib olan komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun sərgilədik. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll etmək istəyirdik. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam".