“Səbail” klubunun baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyun haqda danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün çox yaxşı oyun izlədik. Komandama təşəkkür edirəm ki, belə yüksək səviyyəli futbol oynadı. Heç bir oyunda bu qədər qol epizodu yaratmamışdıq. Futbolçularıma heç bir iradım yoxdur. 3 xala çox yaxın idik. Bizim real qol vəziyyətlərimiz daha çox idi. Sadəcə, istifadə edə bilmədik. Qazanılan 1 xal da bizim üçün qızıldır. Premyer Liqada qalmaq üçün komandaya inamım çoxalıb. Futbolçuların məşqə, oyuna yanaşması məni tam razı salır. Birinci hissədə çox pressinq etdik. Pressinq etmək çətindir. Şükür ki, gücümüz sona kimi çatdı".

- Sizcə, 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Oyundan əvvəl desəydilər, 1 xal qazandıq deyərdim. Amma statistikaya, qol vəziyyətlərinə baxanda biz 2 xal itirdik. Bu gün qələbə qazanmağa layiq idik. Təsadüfi qol vəziyyətləri yaratmadıq, düşünülmüş hücumlarımız var idi.

- Epizodları qola çevirmək üçün nə çatmadı?

- Bu vəziyyətdə bir cavab var: Futbolçuların ustalıq səviyyəsi.

- "Səbail"i daha çox Mahmud Qurbanov daşıyır, yoxsa Şahin Diniyev?

- Şahin Diniyev daşıyır, niyə Mahmud Qurbanov? Hazırda baş məşqçi kimdirsə, o daşıyır. Mən günahı heç vaxt kiminsə üstünə atmaq istəmirəm.