Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, toplantıda I Dİvizionun V turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının nümayəndəsi oyunöncəsi iclasa 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunub.

Polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə edilib.

“Neftçi-2” – “Zaqatala” oyununda top daşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunub.

MOİK – “Kəpəz-2” oyununda “MOİK” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimələnib.

“Kəpəz-2” klubunun futbolçusu Mahir Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb,  klub 20 manat cərimə olunub.

“Kəpəz-2” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 400 manat cərimə edilib.

“Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunda top və xərək daşıyan şəxslər komandaların soyunub-geyinmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunub.

Hakimlər otağında 3 məşqçinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunub.