"Neftçi"nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının VIII turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilk öncə oyun barədə fikirlərini bölüşüb:

"Birinci hissə daha yaxşı oynadıq. Əks-hücumlar edə bilirdik. İkinci hissədə tez-tez toplar itirməyə başladıq. Ona görə də müdafiəyə çəkilməli olduq. Maraqlı oyun oldu. Rəqib şansları istifadə edə bildi. Ona görə də qalib gəldi. İkinci hissədə birinci hissədəki kimi oynaya bilmədik. Rəqib buna imkan vermədi. Onlar daha aqressiv oynadılar. Bizi ön xəttdə sıxmağa başladılar. Bəzi epizodlarda əks-hücumlar zamanı çox tez topu itirirdik. Başa düşürəm ki, onlar bizdən önə keçə bildilər. Başımızı aşağı salmalı deyilik. Qarşıda oyunlarımız var. Çalışmalıyıq ki, növbəti oyunlarda qalib gələk".

E.Mahmudov oyunda futbolçular arasında baş verən gərginlik barədə bu sözləri deyib: "Bu halların olması normaldır. Futbolda belə anlar olur. Nə olursa, meydanda qalır".