Futbol üzrə Region Liqasının 2022/2023 mövsümü üzrə püşkatma mərasimi oktyabr ayının ilk həftəsində keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev deyib:

“Hazırda qeydiyyat prosesi davam edir, komandalar müraciət edir. Oktyabr ayının ilk həftəsi püşkatma mərasimi keçiriləcək. Ondan sonrakı bir həftə ərzində isə liqa oyunlarına start verilməsi gözlənilir. Komanda sayı barədə bir rəqəm deməyim doğru olmazdı, klublarla görüşlərimiz davam edir. AFFA tərəfindən hər il olduğu kimi top, forma, geyim dəsti kimi yardımlar göstəriləcək”.

Qeyd edək ki, Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası olub.