Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Slovakiya millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyun gözləyir. Rəqib güclüdür. Tam gücümüzlə mübarizə aparacağıq. İlk iki görüşdə qələbə qazana bilməmişik. Bu dəfə yaxşı nəticə üçün çalışacağıq. Maçta rahat çıxmaq ixtiyarımız yoxdur”.

Mahmudov son matçlarda yığmada qol vura bilməməsi barədə danışıb: “Tam bir səbəb deyə bilmərəm. Bəzən şanssızlıq olur, bəzən qapıçı çox yaxşı qurtarış edir, bəzən dəqiqlik çatışmır və s. Bunlar qol vurmağımıza mane olur”.

Yarımmüdafiəçi sabah hər iki komandanın maksimum gücünü ortaya qoyacağını söyləyib: “Rəqin əvvəlki oyunda Qazaxıstana qalib gəlsəydi də, bizim üçün çətin olardı. Əlimizdən gələni edəcəyik ki, onları məyus edək”.

Xatırladaq ki, sabah “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.