"Bizə bəslənən ümidləri doğrultmağa çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qələbə qazanmaq istədiklərini bildirib: "Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik. Sadə toplar itirdik və bu, daha çox müdafiədən oynamağımıza səbəb oldu. Azlıqda qaldıqdan sonra müdafiəni fikirləşməyə məcbur idik. 60-cı dəqiqədən sonra risk etdik".

Qurbanov bəzi oyunçuların komandanı tərk etdiyini xatırladıb: "Transferlər də etməyə çalışdıq. Natan Oduvanı heyətimizə cəlb etmişik. Hazırda oynayacaq durumda deyil. Santosla Netu zədəyə görə iki dəfə komanda ilə məşq edib".

Baş məşqçi ölkə xaricində hazırlıq prosesi keçmək istədiklərini sözlərinə əlavə edib: "Amma mövcud vəziyyətlə bağlı öz bazamızda hazırlaşdıq. Bəhanə axtarmayacağam. Həm fiziki, həm də texniki-taktiki cəhətdən hazırlaşmağa çalışdıq. Bu gün məni məyus edən məqam qol imkanı yaratmamağımız idi".

Qurbanov böyük məmnuniyyətlə Şamaxını təmsil edəcəklərini vurğulayıb: "Böyük azarkeş dəstəyi gözləyirik. Oyundan-oyuna optimal formamızı yığıb bizə bəslənən ümidləri doğrultmağa çalışacağıq".

Mənbə: https://report.az