“Deyəcək bir söz yoxdur. Rəqibin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. Onları təbrik etmək qalır ki, bunu da edirik. "Keşlə"yə uğurlar arzulayıram". 

Offsideplus.az xəbər verir ki, bunu "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, görüşdən əvvəl futbolçular üzərində təzyiq olduğunu bildirib: "Qarşılaşmadan öncə həyəcan var idi. Üstəlik, evdə oynayırdıq. Bu da təzyiq yaradırdı. Həm də "Qəbələ" titulsuz olduğuna görə, kuboku çox arzu edirdik. "Qəbələ"nin tarixində ilk titula sahib çıxmağı çox istəyirdik. Amma bacarmadıq. Üzgünəm. Qələbə qazanıblarsa, təbrik etmək qalır".

İ.Qurbanov matçın sonuna yaxın qırmızı vərəqə alaraq meydanı tərk etdiyi epizod haqda da  danışıb: "Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb. Böyük-kiçik yeri bilmirlər. Tanımadım həmin adamı, bilmirəm kim olduğu. Həmin şəxsi üzə çıxaracam".(qol.az)