“Hazırda özümü normal hiss edirəm. Səhhətim yaxşılığa doğru gedir”.

Offsideplus.az xəbər verir ki, bu fikirləri “Keşlə”nin koronavirusa yoluxan baş məşqçisi Yunis Hüseynov deyib.

Dekabrın 16-da testinin nəticəsi pozitiv çıxdığı açıqlanan və bu səbəbdən Premyer Liqanın XII turunda “Səbail”lə (0:2) oyunu buraxan 55 yaşlı mütəxəssis hazırda xəstəxanada müalicə olunur.

Çox danışanda yorulduğunu bildirən Hüseynov özünü toparlamağa çalışdığını söyləyib: “İlk gün hərarətim qalxdı, bir az öskürək yarandı. Ondan sonra testin cavabı pozitiv çıxdı. Şükür, indi yaxşıyam. Xəstəxanadayam, həkimlər sistem qoyurlar. Yalnız bir az çox danışanda yoruluram. Başqa hansısa şikayətim yoxdur. Özümü normal hiss edirəm, elə ciddi problemim qalmayıb”.

Qeyd edək ki, “Keşlə” Premyer Liqanın XIII turu çərçivəsində dekabrın 24-də “Neftçi”nin qonağı olacaq. Hüseynov həmin görüşdə də texniki zonadakı yerini ala bilməyəcək (apasport.az).