İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrini Azərbaycan klublarından təklif alıb.

Offsideplus.az xəbər verir ki, oyunçunun agenti Florin Manea "Prosport" nəşrinə açıqlamasında Rumıniyada "Dinamo" (Buxarest) komandasında çıxış edən 30 yaşlı italiyalı yarımmüdafiəçinin hələ 2019-cu ilin dekabrında "Neftçi" və "Qarabağ"dan təklif aldığını təsdiqləyib. Hazırda isə o, Rumıniyanın digər klubu "Rapid"dən də təklif aldıqlarını diqqətə çatdırıb.

Manea futbolçunun hazırkı komandasında maaşının 16,5 min avro olduğunu xatırladıb. Onun sözlərinə görə, Fabbrini klubuna "Rapid" və Azərbaycan təmsilçilərinin təkliflərinin daha cəlbedici olduğunu və rədd cavabı verə bilməyəcəyini deyib.

Qeyd edək ki, Dieqo Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında 1 oyun keçirib. O, karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərənin "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyanın "Oviedo", Rumıniyanın "Botoşani" və Boqlarıstanın MOİK komandalarında çıxış edib.