"Düşünürəm ki, daha çox üstünlük qazanmışdım. Qələbəyə yaxın olsam da, 3-4 gedişdə səhvə yol verməklə rəqibə şans verdim". 

Offsideplus.az xəbər verir ki, bunu "ShamkirChess 2019" superturnirinin III turunda Hindistan təmsilçisi Vişvanatan Ananda uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. 

34 yaşlı qrossmeysterin fikrincə, bu qarşılaşmada yaxşı oynayıb və görüş onun məğlubiyyəti ilə bitməməli idi: "Əsas problemim vaxt azlığı oldu. Tez qərar qəbul etməli idim. Partiyanın sonunda heç-heçə olacağına əmin idim, məğlubiyyət görünmürdü, vəziyyət heç-heçəyə aparırdı. Bəxt mənim tərəfimdə olmadı. Peşəkar şahmatçı kimi bəxtdən danışmaq düzgün olmaz, sadəcə başqa səbəb tapmaq olmur. Məyus olsam belə, özümə gəlməyə cəmi bir gün vaxtım var. Növbəti oyunları düşünməliyəm".

Sabiq dünya çempionu Anand isə oyunun maraqlı alınmadığını söyləyib. O, qeyd edib ki, partiyanın əvvəlində çoxlu səhv gedişlər edib: "Başlanğıcda çoxlu sayda səhvə yol verdim və üstünlük qazana bilmirdim. Maraqlı yox, məntiqli oynadım. Müxtəlif variantlar oynamaq imkanı var idi. Asanlıqla uduza bilərdim. Çox diqqətli olmalıydım. Rəqib yaxşı başladı, davam etdirə bilmədi. Qələbə qazanmağım məni sevindirir. Belə güclü yarışda hər partiya çox vacibdir. Ötən tur məğlubiyyətdən sonra özümə gəlmək çox önəmli idi. Fikrimcə, əsas mübarizə irəlidədir".

Qeyd edək ki, 3 turdan sonra Vişvanatan Anand 1,5 xalla 4-cü, Şəhriyar Məmmədyarov 1 xalla 7-ci pillədə qərarlaşıb.