Azərbaycan millisinin iyunun 9-da keçirəcəyi yoxlama oyunu həm də tanış baş məşqçilərin dueli olacaq.

Offsideplus.az saytının məlumatına görə, Latviya millisinə rəhbərlik edən Aleksandr Starkov yığmamızın çalışdırıcısı Qurban Qurbanovla dəfələrlə qarşılaşıb.

Bu, latviyalı mütəxəssisin Azərbaycanda çalışdığı dövrə təsadüf edib. 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək “Bakı”nı çalışdıran Starkov həmin vaxt da “Qarabağ”ın “sükanı arxası”nda olan Qurbanovla duellərə çıxıb.

Düzdü, onlar əvvəllər də görüşüb. Lakin 2011-ci ilə qədərki duellər zamanı Starkov məşqçi, Qurbanov futbolçu ampluasında olub. Hər iki mütəxəssisin baş məşqçi postundakı duelləri isə məhz “Bakı”yla “Qarabağ”ın matçlarında yaşanıb.

Belə qarşılaşmalar isə 4 dəfə qeydə alınıb. 2010/11 mövsümünün ikinci yarısında Premyer Liqaya təsadüf edən matçlarda qalib müəyyənləşməyib. “Bakı”nın meydanında qolsuz bərabərlik, “Qarabağ”ın ev oyununda isə 2:2 hesabı qeydə alınıb.

Premyer Liqanın 2011/12 mövsümünün I mərhələsindəki qarşılaşmalarda isə Qurbanov latviyalı qonağı üstələyib. Ağdamlılar evdə 2:1 hesabı ilə qalib gəlib, 2012-ci il fevralın 15-də isə səfərdə darmadağını gerçəkləşdirib – 3:0. Bu yenilgi də Starkovun kreslosunu əməlli-başlı laxladıb. Nəticədə 1 ay keçməmiş “Bakı” latviyalı ilə yollarını ayırıb. Əslində isə həmin mövsüm komandaları daha iki duel gözləyirdi. Kubokun yarımfinalı və çempionatın II mərhələsində Qurbanov Starkovsuz “Bakı”ya rəqib olub.

Bir sözlə, baş tutan 4 görüşdə 2 dəfə “Qarabağ” qalib gəlib, 2 dəfə heç-heçə yaşanıb. Starkov isə qələbəyə həsrət qalıb.

Qurbanov – Starkov duelləri (hər ikisi baş məşqçi)

16.04.2011. “Bakı” – “Qarabağ” – 0:0

01.05.2011. “Qarabağ” – “Bakı” – 2:2

28.10.2011. “Qarabağ” – “Bakı” – 2:1

15.02.2012. “Bakı” – “Qarabağ” – 0:3