Sloveniyada keçirilən futzal üzrə AVRO-2018-in final mərhələsinin qrup oyunlarından sonra bombardirlər cədvəli açıqlanıb.

Offsideplus.az saytının məlumatına görə, Azərbaycan millisinin futzalçısı Bolinya 3 qolla cədvəlin ilk pilləsindəki qərarlaşıb.

Belə ki, III turun qarşılaşmaları liderin mövqeyinə təsir etməyib. Fransa ilə II turun matçında (5:3) het-trik edən braziliyalı İspaniya ilə görüşdə (0:1) qol sayını artıra bilməsə də, izləyiciləri də ona çatmayıb.

Lakin Bolinyadan 1 top geri qalan oyunçuların sayı artıb. Artıq 10 futzalçının hesabında 2 qol var. Onlardan üçü 1/4 finalda yığmamızla görüşəcək Portuqaliya millisinin üzvləridi.

Qrup mərhələsində Rikardinyo, Pedro Kari, Bruno Koelyo (hamısı Portuqaliya), Duqlas Junior (Qazaxıstan), Draqan Tomiç (Serbiya), Abdessamad Mohammed, Süheyl Muhidin (hər ikisi Fransa), Taras Korolişin, Pyotr Şoturma

(hər ikisi Ukrayna) və İqor Osredkar (Sloveniya) 2 dəfə fərqlənib.