Klubların testdən keçməsi, federasiyadan verilən açıqlamalar Azərbaycan Premyer Liqasının bərpası yönündədir. 

Offsideplus.az xəbər verir ki, bəzi ölkələrdə çempionatın bərpasına, bəzilərində isə turnir cədvəlindəki mövcud sıralamaya əsasən, başa çatdırılmasına qərar verilib.

Azərbaycan Peşəkar Futbol Liqasına ünvanladığımız "Premyer Liqanın bərpa olunmama şansı nə qədərdir? Bu ehtimal düşünülürmü?" sualına cavab belə oldu: "Premyer Liqa 13 martdan etibarən dayandırılıb. Dayandırılma qərarından sonra baş tutan bütün görüşlər, videokonfranslar ancaq yarışı necə bərpa etməyə hesablanıb. Odur ki, biz bu gün də yarışların tezliklə bərpa olunacağına ümid edirik”.

Qeyd edək ki, AFFA koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, Premyer Liqa və I Divizionun taleyinin qarşıdakı günlərdə müzakirə olunacağını açıqlayıb.