Bu dəqiqə ölkə futbolu ilə maraqlanan hər kəsi başlıqdakı sual maraqlandırır.
Düzdür, oktaybrın 29-na hələ vaxt var və həmin tarixə qədər ağdamlılar İsraildə "Makkabi"nin qonağı olacaq. Amma hadisələrin indiki axarı ikinci Qarabağ müharibəsinin yaxın 3-5 gündə başa çatmayacağını göstərir. Azərbaycan Ordusu məharətlə irəliləyir və qarşıda duran məqsəd Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Qubadlı, Xocalını da işğaldan azad etməkdir.
Bu isə oktyabrın sonuna qədər ölkədəki komendant saatının aradan götürülməyəcəyindən xəbər verir. Qərar qüvvədə qalacağı halda saat 20.55-də başlamalı olan "Qarabağ" - "Vilyareal" matçının Bakıdakı keçirilməsi çətin olacaq. Həm başlama vaxtı, həm bu cür həssas məqamda ispanların ölkəmizdəki təhlükəsizliyinə zəmanət vermək, həm də hər ötən gün ölkədə koronavirusa yoluxanların sayının artması - çətin məsələdir.
Bir neçə gün əvvəl məlum məsələ ilə bağlı "Qarabağ"ın AFFA vasitəsi ilə ölkə rəhbərliyinə müraciət etdiyini məlumat vermişdik. "Qarabağ"lıların əsas istəyi "Vilyareal"ı Bakıda qonaq etməkdir ki, bu da başadüşüləndir. Di gəl, indiyə qədər nə "yuxarıdan" cavab gəlib, nə də UEFA bu mövzuda mövqeyini açıqlayıb.
Offsideplus.az məsələ ilə bağlı klubun baş meneceri, eyni zamanda Avropa Klublar Assosiasiyasının (ECA) Yarışların Təşkili və Keçirilməsi Qrupunun üzvü Asif Əsgərovun fikirlərini öyrənməyi lazım bildi: "Bu dəqiqə bütün fikrimiz cəbhədə və "Makkabi"ylə oktyabrın 22-dəki oyundadır. Ayın 29-dakı qarşılaşma ilə bağlı edə biləcəyimiz şey aidiyyatı qurumlara müraciət etmək idi ki, bu addımı atdıq. Prosesin bundan sonrakı axarı bizə aid məsələ deyil. Hələ ki, UEFA-dan hansısa qərar verilməyib. UEFA turnirin təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurumdur, hansı qərar verilsə, ona uyğun addım atılacaq. Bu günə olan məlumat oyunun Bakıda keçiriləcəyidir. Sabah necə olacağını indidən deyə bilmərik".
"Qarabağ"ın komendant saatı ilə bağlı qadağadan qurtulmaq üçün iki çıxış yolu ehtimal etmək olar. Onlardan biri matçın başlama saatını dəyişməkdir. Belə deyək, "Vilyareal"la görüşün axşam saat 9-da yox, 5, yaxud 6-da keçirilməsi. Asif bəy belə bir variantın qəti mümkün olmadığını dedi: "UEFA-nın oyunlarla bağlı qəbul etdiyi bir sıra tələb və göstərişlər var ki, burda sponsor əməkdaşlarının müraciəti və telekanalların iş fəaliyyəti əsas götürülüb. Buna görə də Avroliqa oyunlarının başlama saatı kimi iki dəqiq vaxt əsas sayılır - Bakı vaxtı ilə saat 20.55 və 23.00. Bundan kənara çıxmaq mümkün deyil".
Bəs, "Vilyareal"la matçların yerini dəyişmək? Məsələn, oktyabrın 29-da "Qarabağ" İspaniyada oynasın, dekabrın 10-da ispanlar Bakıya səfər etsin. Hər halda, ölkədəki mövcud duruma görə qarşı tərəflə razılıq əldə etmək olar. Əsgərov variantın ağlabatan olduğunu desə də, tələsməməyi məsləhət gördü: "UEFA-nın hansı qərar verəcəyini bilmədən indidən oyunların yerini dəyişmək barədə danışmağımız doğru olmaz. Gəlin, səbrli olaq. Hansısa qərar açıqlanandan sonra alternativ variantlar barədə düşünmək olar. Dediyim kimi, qarşıda "Makkabi" ilə vacib oyun var".