Dünən Avropa Çempionatının final matçı baş tutdu. Həlledici qarşılaşmada İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub etdi. Bununla da prineylilər 4-cü dəfə qitə kubokuna sahib çıxdılar. Həmçinin qeyd etmək lazımdır ki, onlar digər unikal göstəriciyə də nail olublar. Belə ki, ispanlar sözügedən turnirdə bütün oyunlarını qələbə ilə tamamlayan yeganə kollektivdir.
Ümumilikdə çempionatdakı komandaların çıxışlarımı ayrılıqda təhlil etsək, qeyd etmək lazımdır ki, "La Furia" ən baxımlı oyun sərgiləyən komandalardan idi. Turnir başlamazdan öncə adı favoritlər arasında birinci çəkilən və finala qədər gəlməyi bacaran İngiltərə isə azarkeşlərinin ümidlərini doğrulda bilmədilər. Onların nəticəyə hesablanmış oyunları tərəfdarlarının ürəyincə olmadı. Futbolun yaradıcıları ardıcıl ikinci dəfə finalda məğlub olmaqla da yeni antirekord müəyyənləşdirdilər.
51 matçın keçirildiyi turnirdə ümumilikdə 117 qol vuruldu. Bu göstərici 2020-ci ilin müvafiq yarışından 23 top azdır. Almaniyada keçirilən oyunları stadiondan 2 681 288 azarkeş canlı izləyib. AÇ-2020-də isə bu say 1 032 105 idi.
Şübhəsiz ki, adıçəkilən yarışda azərbaycanlı əksər azarkeşlərin dəstəklədiyi yığma Türkiyə idi. Onlar Portuqaliya, Gürcüstan və Çexiyanın yer aldığı qrupdan çıxmağı bacararaq 1/8 finalda turnirdə baxımlı oyun sərgiləyən komandalarından olan Avstriyaya rəqib olmuşdu. Sözügedən yığmanı da evlərinə yola salan "ay-ulduzlular" növbəti mərhələdə Niderlandla bacarmadı. Gürcüstandan söz düşmüşkən, qonşu ölkənin millisi ilk dəfə çıxış etdiyi turnirdə Portuqaliyanı məğlub edərək adından söz etdiyirməyi bacardı. İsveçrə də bu baxımdan adı xüsusi qeyd olunası komandalardandır. Bunun əksinə olaraq, AÇ-2020-nin qalibi İtaliya isə xoşagəlməz oyunla azarkeşlərini məyus etdi.
Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo isə bəlkə də sonuncu dəfə Avropa Çempionatında forma geyindi. O, turniri qol vurmadan tərk etdi. Bu isə nadir rast gəlinən hadisələrdən idi.
Xülasə, daha bir turniri - Avropa Çempionatını geridə qoyduq. Bu il də başqa millilərə azarkeşlik etdik. Niyə? Çünki bizim yığma sözügedən turnirdə iştirak etmək potensialında deyil. Bəlkə də 2028-ci ildə millimiz Avropa çempionatına vəsiqə qazanar. Axı yeni baş məşqçi Fernando Santuşun qarşısına bu məqsəd qoyulub. Yaşayaq, görək...