Almaniya mətbuatının yaydığı məlumata görə, türk futbolçu Merih Demiral 2 oyunluq, İngiltərə millisinin üzvü Cud Bellinqem isə 20 000 avro məbləğində cərimələnib.
Offsideplus.az xatırladır ki, hər iki qayda pozuntusu Avropa çempionatının 1/8 final oyunları zamanı baş verib. Bellinqem Slovakiyaya qarşı matçda ədəbsiz hərəkət edib, Demiral isə Avstriya ilə oyunda vurduğu qoldan sonra "bozqurd" işarəsi göstərib. UEFA yekun qərarı 5 iyul günortaya qədər rəsmən elan etməli olsa da, "Bild" nəşri cərimə və cəzalar barədə məlumat yayıb.
Beləliklə, futbolçulardan birinin milli simvolu göstərmiş olduğunu, digərinin isə qeyri-etik əl işarəsi göstərdiyini nəzərə alsaq, qərarlar nə dərəcədə doğrudur? Hər iki futbolçunun göstərdikləri hərəkətlərin fərqli mənada olduğunu iddia edirlərsə, bu, UEFA-nın qərarlarına nə dərəcədə təsir edə bilər?
Məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyev ilə əlaqə saxladıq. F.Haqverdiyev saytımıza açıqlamasında bildirdi:
"Merih Demiralda məsələ tamam fərqlidir. İntizam Məcəlləsində bu qadağa var ki, heç bir dini, siyasi, irqi, futbola uyğun gəlməyən, provokativ xarakterli, hər hansı bir qrupda qıcıq doğuracaq və onları incidəcək jest, sözlər qəti qadağandır. "Bozqurd" işarəsi də ideoloji simvol hesab edildiyindən bir neçə ölkədə qadağandır və bu səbəbdən intizam işi açılıb. Cud Bellinqemin məsələsi isə əxlaq qaydalarının pozulmasına görə başladılıb. O ki qaldı, futbolçuların özlərini əsaslandırmağına, bu, müdafiə zamanı nəzərə alına bilər. Yenə də qeyd edirəm, "bozqurd" ideoloji işarə kimi tanınırsa, oyunda göstərilməsi qəti qadağandır və yəqin ki, hər iki futbolçu cəzalandırılacaq".