Avropa çempionatının seçmə mərhələsinin ilk oyunları 23-25 mart tarixlərində oynanılacaq.
Offsideplus.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, gələn il Almaniyada keçiriləcək turnirdə UEFA 24 komandaya 371 milyon avro ödəniş edəcək. Bu məbləğ, AVRO-2020-dəki mükafatla eyni, 2016-cı ildəkindən isə 30 milyon avro azdır.
Turnirə qatılacaq hər komandaya 9,25 milyon avro veriləcək. Komandalar qələbə üçün 1,5 milyon avro, bərabərlik üçün isə 750 000 avro gəlir əldə edəcək.
Qrupdan çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər 3,25 milyon avro, yarımfinala vəsiqə qazanan yığmalar isə 5 milyon avro ilə mükafatlandırılacaq.
İkinci olan komanda 7 milyon avro, çempion kollektiv isə 10 milyon avro əldə edəcək. Bundan əlavə, çempion komanda ümumilikdə 30 milyon avroya yaxın mükafatın sahibi olacaq.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan F qrupunda İsveç, Belçika, Avstriya və Estoniya ilə mübarizə aparacaq. Yığmamız martın 24-də Avstriya, 27-də isə İsveçlə üz-üzə gələcək.