Dünyanın ən böyük otel rezervasiya sistemlərindən "Booking.com" istifadəçilərinin axtarış sorğularına əsasən, "AVRO-2020"nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan paytaxtı Bakı Sankt-Peterburq, Roma və Kopenhagendən sonra 4-cü sırada qərarlaşıb. "Beşliy"i Dublin şəhəri tamamlayır. Bakı siyahıda Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri geridə qoyub.
"AVRO-2020"nin qrup mərhələsində azarkeşlərin ən çox maraq göstərdiyi oyunların siyahısında iyunun 13-də Bakı Olimpiya Stadionunda oynanılacaq Uels - İsveçrə qarşılaşması 2-cidir. İlk pillədə isə eyni gündə Kopenhagendə keçiriləcək Danimarka - Finlandiya görüşü yer alıb.
Qeyd edək ki, Bakı qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək.