AFFA qısa müddət əvvəl baş məşqçi məsələsini dondurduğunu açıqlamışdı. Koronavirus pandemiyasına görə futbol yarışlarının təxirə salınması, bəzi hallarda isə ləğv olunması səbəb kimi göstərilmişdi. O da qeyd olunmuşdu ki, siyahıda olan məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır. Canni De Byazi, Luici Di Byaco, Çezare Prandelli, Eusebio Di Françesko, Abdullah Avcı və Ərsun Yanal kimi mütəxəssislərin yer aldığı namizədlər siyahısında yerli məşqçinin olmaması diqqət çəkir.

Maraqlıdır ki, milli komandanı çalışdıran əcnəbi məşqçilərin sayı (5) yerli mütəxəssislərdən (11) az olsa da, qazanılan qələbələrə görə mütənasiblik var - 24:24. Rəsmi oyunlarda 15 qələbənin 8-i əcnəbilərin aktivindədir. Rəsmi oyunlarda Berti Foqts və Robert Prosineçki hərəyə 4 qələbə qazanıb. Onlar millidə ən uzun zaman kəsiyində işləmələri ilə də seçilir. B.Foqts 6 il ərzində 15, R.Prosineçki isə 3 ildə 6 qələbə qazanıb. Yerli məşqçilərin millidə 2 ildən artıq çalışmadığı bu baxımdan diqqəti cəlb edir.

Milli komandamızın yerli və əcnəbi məşqçilərin rəhbərliyi altında nəticələri ilə aşağıdakı materiallarda tanış ola bilərsiniz:

Millimizin baş məşqçiləri: 28 ildə 21 dəyişiklik - ARAŞDIRMA

Millinin yerli və əcnəbi məşqçiləri - ARAŞDIRMA (I hissə)

Millinin yerli və əcnəbi məşqçiləri - ARAŞDIRMA (II hissə)

Sevindirməyən 9 xal, Avropa futbolunun “sonbeşiyindən” unudulmaz dərs - Araşdırma

Yurçeviçin göndərilməsindən sonra milliyə baş məşqçi təyinatı gündəmə gələndə “yerli, yoxsa əcnəbi məşqçi?” sualına cavab verənlərin əksəriyyəti yerli mütəxəssisdən yana idi. Keçirdiyimiz sorğuda iştirak edənlərin 69 faizinin də seçimi yerli məşqçi olmuşdu.

Bəs yerli məşqçi kim olmalıdır?

Azərbaycanlı məşqçilər arasında ən uğurlusu Qurban Qurbanov olsa da, millidəki məşqçilik fəaliyyətini bir sıra obyektiv və subyektiv səbəblərdən uğurlu adlandırmaq olmaz. Həm də yaşananlardan sonra Qurbanovun yenidən AFFA ilə bu mövzunu müzakirə edəcəyini düşünmək sadəlövhlük olardı.

Futbolçular və azarkeşlər arasında ən çox adı çəkilən mövsümün sonunda karyerasını bitirməyə qərar verən Rəşad Sadıqovdur. 37 yaşlı futbolçu “Qarabağ”ın U-19 və U-21 millimizdəki məşqçilik təcrübəsindən başqa, UEFA-nın ali məşqçilik lisenziyası olan PRO-nu da alıb. Bu dərəcə isə ölkədə yüksək liqa və A milli komandanın baş məşqçisi kimi işləməyə imkan verir.

Rəşadın millini çalışdırması fikrini futbolçulardan ilk olaraq, yığmanın və “Sabah”ın hücumçusu Ramil Şeydayev dilə gətirib. 23 yaşlı hücumçu “Qarabağ”ın kapitanını Azərbaycan millisində məşqçi kimi görmək istədiyini deyib: “Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş onda alınar. Rəşad Sadıqov müasir futbolu yaxşı bilir, müasir baxışı var”.

Ardınca milli komandanın digər üzvləri Bəhlul Mustafazadə, Ağabala Ramazanov da Rəşad Sadıqovun millinin məşqçisi olmasını istədiklərini dilə gətirmişdilər. Məşqçi seçimində millinin futbolçularının istəyi də önəmlidir. Nəinki Azərbaycan, dünya futbolunda da komanda üzvlərinin istəmədikləri məşqçinin rəhbərliyi altında bilərəkdən zəif oynama halları tez-tez rast müşahidə olunur.

Niyə Rəşad Sadıqov?

Azərbaycan futbolunda “ən yaxşı” deyilə biləcək futbolçulardan biri də məhz Rəşad Sadıqovdur. 20 illik peşəkar karyerası olan müdafiəçinin mövsümün sonunda futboldan ayrılması gözlənilir. Rəşad Sadıqovun millini çalışdırması fikrini irəli sürənlər bir neçə nüansa diqqət çəkirlər:

Futbol fəlsəfəsi – Rəşad Sadıqov müasir futbolu yaxşı bilir. Gəncdir və futbola müasir baxışı var. “Qarabağ”ın U-19 və U-21 millisində məşqçi kimi çalışıb. “Beşiktaş”, “Roma” və “Mançester Siti” kimi  klublarda məşqçi kimi təcrübədə olub.

Liderlik xüsusiyyəti – Rəşad Sadıqov həm yığmada, həm də çıxış etdiyi klublarda oyunun əsas yükünü çiyinlərinə götürüb.  “Böyük kapitan” futbolçuları öz arxasıyla aparır, yeri gələndə onlara əsəbiləşir, məsləhət verir, motivasiya etməyi bacarır.

Xarakter – Tək futbol meydanlarında deyil, meydandan kənarda da hərəkətləri ilə R. Sadıqov hər zaman öz xarakterini ortaya qoyub. Milli dəyərlərə münasibət, vətənpərvəlik və digər insani keyfiyyətləri ona futbol azarkeşləri arasında rəğbət qazandırıb.

Rəşad Sadıqov U-21-də qalmaq üçün karyerasını bitirməyə razı olub

Rəşad Sadıqovun U-21-dən ayrılma səbəbinə gəlincə, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bunu onun futbolçu karyerasının davam etməsi ilə əlaqələndirmişdi. Təcrübəli müdafiəçi isə baş katibin fikrini təkzib etmişdi: “Təyinatdan əvvəl beş dəfə söhbət oldu, beşində də dedim ki, mən futbol oynayıram. Həmişə deyib ki, yox, sən "Qarabağ"ın U-19 komandasının sükanı arxasında Çempionlar Liqasında mübarizə aparmısan, "Atletiko" ilə səfərdə heç-heçən olub, təcrübən var, bu uşaqları da yaxşı tanıyırsan. Mən də razılaşdım. Hətta çıxmamışdan bir gün qabaq telefon danışığımızda səbəbini soruşanda futbol oynadığımı bildirdi. Mən Elxan müəllimə dedim ki, əgər problem mənim futbol oynamağımdırsa, karyeramı bitirə bilərəm. Məsələni ora yönəltmək lazım deyil. U-21-dən uzaqlaşdırılmağım futbolçu karyeramla bağlı deyildi. Ötən mövsüm karyeramı bitirəcəkdim. Ona da demişdim. Cavab gəlmədi”.

 

Dünya futbolçunda gənc məşqçilərin uğurları diqqət çəkir

Gənc məşqçilərin məşhur klublar və yığmalara təyinatları son günlər geniş müşahidə olunur.  Klub məşqçiləri ilə bağlı uzun siyahı hazırlamaq olar. “Mançester Yunayted”də 2014-2018-ci illərdə köməkçi məşqçi işləyən Rayan Giqqzin baş məşqçi kimi Uels millisi ilə debütü uğurlu alınıb. Komanda onun rəhbərliyi altında “Avro-2020”yə vəsiqə qazanıb.

AFFA Berti Foqts, Karlos Alberto Torres, Robert Prosineçki kimi təcrübəli, Nikola Yurçeviç kimi təcrübəsiz əcnəbilərə yığmamızı çalışdırmaq imkanı yaradıb. Nəticə isə dəyişməyib.

Müasir futbolda hər məşqçi komandanı birləşdirmək, mübarizə ruhu formalaşdırmaq keyfiyyətinə sahib deyil. Xarakter, yerli mentalitetə bələd olma, futbolçular arasında hörmətin olması, onları daha yaxşı tanımaq baş məşqçi seçimində üstünlük verilən əsas göstəricilər olmalıdır. Rəşad Sadıqovda sadalanan keyfiyyətlərin olması da diqqətdən yayınmır.

AFFA-nın da açıqlamasında qeyd etdiyi kimi, hazırda futbolla bağlı qeyri-müəyyənlik davam edir. Koronavirus dünya futboluna maddi baxımdan böyük zərər vurub. Ölkə çempionatlarının zərərləri milyonlar, hətta milyardlarla ölçülür. UEFA Avropa çempionatını 2021-ci ilə keçirməklə 1,9 milyard avro ziyana düşüb. “Barselona”, “Real Madrid”, “Yuventus”, “Çelsi”, “Atletiko”,  kimi məşhur klublar futbolçularla, məşqçilərlə 10-70% arası maaş endiriminə gediblər.

Mütəxəssislərin fikrinə görə, artıq futbolda pandemiyadan əvvəlki pullar dövr etməyəcək. Transfer qiymətləri, futbolçular və məşqçilərə ödənişlərdə daha az məbləğlər müşahidə olunacaq. AFFA-nın yerli mütəxəssisə üstünlük verməsi, həm də büdcə üçün faydalı olar.

Rəşad Sadıqovun bütün olanlardan sonra AFFA-nın təklifini qəbul edib-etməyəcəsi isə ayrı söhbətin mövzusudur.