Portuqaliya ilə görüşdə millimizin heyətində debüt edən Aleksey İsayevin məlum paylaşımı ciddi səs-küyə səbəb oldu.

Təbii, ölkənin bir nömrəli komandasının formasını geyinən, lap dəqiq desək, Azərbaycanı təmsil edən birinin hər kəsin gördüyü şəkildə erməni dostuna "qardaşım" deyə müraciət etməsi normal qarşılana bilməz.

Vəziyyətin bu cür alınmasında İsayev nə qədər günahkardırsa, şərəfini qoruduğu "Sabah" rəhbərliyi də bir o qədər suç sahibidir. Çünki müharibə davam etdiyi dönəmdə Aleksey Azərbaycanda çıxış edirdi. Bu isə o deməkdir ki, ermənilərin bizim üçün kim olduğunu, nə qədər şəhid verdiyimizi bilir və ya bilməliydi. 

"Sabah" rəhbərliyi vaxtında müharibə və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı futbolçulara məlumat versəydi, indi iki əllə başımızı tutmazdıq. Görünür, başı transfer çalışmalarına, bir məşqçini göndərib digərini gətirməyə qarışan klubdakı əsas söz sahibləri Qarabağ həqiqətlərini legionerlərə, eləcə də Aleksey kimi "azərbaycanlıya" çatdırmağı unudub. Bəlkə də buna lüzum görmürlər və ya ağıllarına gəlməyib. Fakt faktlığında qalır - "Sabah"ın milli üzvü erməniyə "qardaşım" deyir. 

Həssas mövzu ilə bağlı "Sabah" rəsmilərinin fikirlərini dinləmək maraqlı olardı. Odur ki, klubun mətbuat katibi Elnur Həmidovdan məsələ ilə bağlı offsideplus.az-a açıqlama verməyi xahiş etdik: "Sabah"da nəinki Azərbaycan vətəndaşı olan, həmçinin legioner futbolçularla daim bu istiqamətdə söhbətlər aparılır. Ümumxalq hüzn günlərinə təsadüf edən məşqlərdən öncə şəhidlərimizn xatirəsi 1 dəqiqəlik sükutla yad edilir və bu barədə yerli, həm də əcnəbi futbolçular məlumatlandırılır.

Vətən müharibəsi davam etdiyi günlərdə hətta əcnəbi futbolçularımızın arasında da ölkəmizə dəstək xarakterli paylaşımlar edilmişdi. Yəni bu istiqamətdə klub daxilində daim söhbətlər aparılıb, bundan sonra da davam edəcək. 

O ki qaldı Alekseyin məlum paylaşımına, o, hazırda millinin düşərgəsindədir. ölkəyə qayıtdıqdan sonra onunla bu barədə söhbət aparılacaq".

Həmkarımızın dedikləri ehtimalımızda yanıldığımızı göstərdə də, başqa bir acı faktın üstünü açır. Aleksey klub rəhbərliyini vecə almır. Vecinə alsaydı, Elnur bəyin dediyi mütəmadi söhbətləri dərk edər, belə bir paylaşımla özünü, klubunu və AFFA-nı çətin duruma salmazdı.