10 ildir “Mançester Siti”nin şərəfini qoruyan Kun Aqueronun adı ilk dəfədir bombardirlər siyahısında yoxdur.

Argentinalı ulduz əvvəlki formasından çox-çox uzaq düşməsinə baxmayaraq, hələ də sevilir, klub və komandada hamı tərəfindən isti qarşılanır. Maraqlıdır, bu sevginin kökündə duran nədir?

Sualın cavabına keçid almamışdan əvvəl Aquero ilə bağlı maraqlı faktlara nəzər salaq.

* Cari Premyer Liqa mövsümündə cəmi 5 oyuna çıxan Kun, nə qol vurub, nə qol ötürməsi verib.

* 32 yaşlı hücumçu 1 ildən çoxdur Premyer Liqada fərqlənmir. Sonuncu dəfə ötən il yanvarın 21-də “Şeffild Yunayted”in qapıçısını məyus edib (cari Çempionlar Liqasında vurduğu 2 qolu nəzərə almadan - H.).

* 2017-18 mövsümündən bu yana Aquero 283 iş günündə kənarda qalıb ki, bu da 51 oyun deməkdir. Təxminən mövsümyarımı boşa verib.

* Ulduz futbolçunun hazırkı maaşı əvvəlkitək fantastikdir – həftəyə 355 min avro.

Bu qədər inamın fonunda Aquero “şəhərlilər”ə gözlənilən faydanı vermirsə, rəhbərlik onu niyə saxlayıb? Və ya, qol vurmağı yadırğayan futbolçuya PSJ-ylə “Barselona”nın maraq göstərməsinin səbəbi nədir?

Səbəbin səbəbi səbəbkardır. Həmin səbəbkar isə Lionel Messidir. Bu iki argentinalının əla münasibətdə olduğunu təkcə kənar müşahidələr demir. Futbolçuların özləri də açıqlamalarında yaxın dost olduqlarını və eyni komandada oynamaq istədiklərini dəfələrlə qeyd ediblər.

Pep Qvardiolanın “kökdən düşmüş” hücumçunu israrla komandasında görmək istəməsinin başlıca səbəbi də Aqueronun ulduz həmyerlisini “Mançester Siti”yə səsləməsidir. Messinin yayda “Barsa”nı tərk edəcəyi 90 faiz dəqiqləşib. Belədə maliyyə şərtlərini qarşılaya biləcək iki klub var – “Mançester Siti” və PSJ.

Təbii, ərəb şeyxlərinin milyardları Leonun iştahasını artıra bilər. Lakin işin mənəvi tərəfi var ki, bəzən pulu üstələyir. O mənəvi “kozır” isə Aqueronun “Siti”də olmasıdır.

Hətta PSJ rəhbərliyi xeyli vaxtdır Kuna da maraq göstərir. O cümlədən “Barsa”. Bütün hallarda məqsəd eynidir: Aqueronun əli ilə Messini “tutmaq”. Hə, o başqa məsələ ki, bu iki futbolçu klub səviyyəsində çiyin-çiyinə oynasalar, komanda daha çox fayda görmüş olar.

Hər halda gözləyək...

HƏBİB