Cəmi 3 gündən sonra 2020-ci illə vidalaşacağıq. O 2020-ci il ki, böyükdən-kiçiyə hər kəsi təəccüb içində qoydu. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu.

Siçan ilinin əvvəlindən biz də bu balaca dostlarımız kimi evlərə qapandıq. Yayda havalar isinəcək deyə virusun yoxa çıxacağına inanırdıq ki, ilin sonunda yenə özümüzü evin bir küncündə tapdıq. Koronavirus pandemiyası çempionata da təsirsiz ötüşmədi, noyabr-dekabr aylarında bir çox baş məşqçi və futbolçularımız virusa yoluxdu, Premyer Liqanın oyunları təxirə salındı.
Nəhayət, o qədər də xoş olmayan Siçan iliylə vidalaşıb, "Öküz"ü salamlayır və ümid edirik ki, bu yeni il yaxşı mənada digərinə bənzəməyəcək.

Maraqlıdır, görəsən öküz ilində anadan olanlar nə düşünür? Gələn ildən gözləntiləri nədir?

Offsideplus.az olaraq hər birinə üç sualla müraciət etdik.
1. Öküzü sevirsinizmi, qorxmursunuz ki? 
2. Özünüzdə öküz keyfiyyətləri görürsünüzmü?
3. Öküz ilinin sizin üçün düşərli olacağını düşünürsünüzmü?

Mahmud Qurbanov (“Neftçi”nin əvəzedici komandasının məşqçisi)

1. Xeyr, öküzdən qorxmuram. Sevib-sevməməyi deyə bilmərəm, lakin uşaqlıqdan öküzdən heç vaxt qorxmamışam.
2. Özümü kənardan öküz xarakterinə uyğunlaşdıra bilmərəm. Amma çox işləyənəm (gülür), məndə əziyyətsiz heç nə olmayıb. Həyatda heç bir şey asan başa gəlmir.
3. 2021-ci ilin ümumilikdə düşərli olmasını istərdim. Arzulayıram ki, gələn il ölkəmiz, xalqımız, yaxınlarım və elə mənim üçün də düşərli olsun. Ən əsası Qarabağda, işğaldan azad elədiyimiz ərazilərdə sülh bərqərar olsun. Gələn il "korona" bəlasından qurtula bilək, qarşısı alınsın, yayılmasın, insanlar xəstələnməsin, koronavirusa tutulmasınlar. Bir də futbolumuzda inkişaf olmasını istərdim. Ümumilikdə 2021-ci ilin düşərli olacağına inanıram.

 Kamal Bayramov (“Keşlə”nin qapıçısı)

1. Öküzdən heç bir qorxum yoxdur, öküzü də çox istəyirəm, niyə istəməyim ki?!
2. Birbaşa öküzə zəng vurmusuz (gülür). Ümumiyyətlə çox çalışqan insanam, həm işdə, həm də həyatda. Heç vaxt işdən qaçmamışam. İşi sevən insanam. Öz evimdə, həyətimdə, rayona gedəndə işi sevirəm. Çəkilib bir qıraqda oturum, kimsə nə isə bir iş görsün, mən də hazırına nazir olum – belə söhbət yoxdur.
3. İllərin düşərli olacağına inanmamışam heç vaxt. Allahın bir qədəri var. İstər öküz ili olsun, istərsə də digər illər, Allahın yazdığı qədərdən o tərəfi yoxdur. "Öküz ilidir, mənim ilimdir, düşərli olacaq" - bu cür şeylərə inanmıram. Xeyirlisi Allahdan...

Gələn ilə qələbə ilə giririk. Buna görə şəhidlərimizə borcluyuq, Allah onlara rəhmət eləsin. Analarının əllərindən öpürəm. Pandemiyanı çıxsaq, xalqımız üçün bundan gözəl il ola bilməzdi, tarixi qələbə qazandıq. İnşallah, bundan sonrakı illərimiz həmişə xoş keçər. Mən və ailəm də daxil olmaqla şəhidlərimiz üçün üzülürük. Onlar bir tarix yazdı: Azərbaycanın gələcəyi, bizlər, hamımız üçün. Bunu qoruyub saxlamalıyıq. Azərbaycan xalqına gələn ilin uğurlu, bərəkətli olmasını arzu edirəm.

Anar Nəzirov (“Qəbələ”nin qapıçısı)

1. Öküzdən qorxmuram və sevmirəm.

2. Öküzün xarakterinin necə olduğunu bilmirəm, amma öz xarakterim mənə bəs edir. 

3. İlin necə düşərli olub-olmayacağını deyə bilmərəm, bunu Allah bilər. Gələn il üçün xalqımıza ən gözəl arzular diləyirəm. Torpaqlarımız işğaldan azad olunub, məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtsın, ev şəraitləri yerli yerində olsun. Xalqımıza əmin-amanlıq və sabitlik arzu edirəm. İli böyük qələbə ilə başa vurduq. Düzdür, bütün dünyada, həmçinin Azərbaycandan da koronavirus pandemiyası ilə bağlı çətinliklər var, bunun bitməsini diləyirəm.

Sərtan Taşkın ("Zirə"nin müdafiəçisi)

1. Nə öküz, nə də öküz ili məni qorxutmur.
2. Açığı bir az öküz xasiyyətlərim var.
3. Qoroskopla çox da maraqlanmıram. Lakin bu ilin mənə, xalqımıza və Azərbaycan idmanına düşərli olacağına inanıram.

Bəhlul Mustafazadə ("Sabah"ın müdafiəçisi)

1. Bütün canlıları sevirəm. Ancaq nə yalan danışım, öküzə qarşı digərlərindən fərqli, xüsusi sevgim yoxdur. Mənim üçün digərləri kimi adi canlıdır. Xeyr, öküzdən qorxmuram.

2.Əgər vurğuladığınız xüsusiyyətləri insana uyğunlaşdırsaq, məşqlərdə var qüvvəmlə məşq edir, verilən tapşırığın çətinliyindən asılı olmayaraq öhdəsindən gəlməyə çalışıram. Ümumiyyətlə, xaraktercə sakit insanam. Maksimum əsəblərimə hakim olmağa çalışıram. Əsəbiləşəndə necə oluram? (gülür) Məncə, bunu daha çox ətrafdakı insanlar, dostlarım deyə bilər.

3. İlin hansı canlı üzərində qurulmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Düzünə qalsa, belə şeylərlə maraqlanmıram. Sadəcə onu deyim ki, ilin hansı canlıyla adlandırılmasından asılı olmayaraq, həmişə növbəti ilə ümidlər daha çox olur. Bu, tək mənə yox, demək olar, bütün insanlara xas xüsusiyyətdir. Mən də bir çoxları kimi növbəti ilə ümidlə yanaşıram. Ümid edirəm ki, yeni il Vətənimiz, xalqımız üçün düşərli olar, yeni qələbələr qazanarıq. Əlbəttə, eyni arzular özüm, uyğun olaraq da şərəfini qoruduğum “Sabah”, həmçinin milli komandamız üçün də keçərlidir. Fürsətdən istifadə edib hər kəsi qarşıdan gələn Yeni İl və Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirəm.