OFFSİDE Sport Media bu bəfə ölkədəki şahmatın müasir problemləri, bu sahəyə cavabdeh olan qurumların fəaliyyətində müşahidə olunan nöqsanlara toxunacaq.

Azərbaycanda dərin tarixi köklərə, populyarlığa malik olan idman növlərindən biri də şahmatdır. Xalqımızın qədim poeziya irsində, məişət həyatında şahmat haqqında məlumatlara rast gəlmək mümkündür. Azərbaycan şahmatçıları həm keçmiş SSRİ, həm də müstəqillik dönəmində beynəlxalq turnirlərdə öz adından söz etdirməyə nail olublar.  Vətənimiz dövlət müstəqlliyini bərpa edəndən sonra 1992-ci ildə Şahmat Federasiyası (AŞF) yenidən fəaliyyətə başladı və qısa müddətdən sonra Beynəlxalq Şahmat Federasiyası  - (FIDE)-yə üzv qəbul olundu. 90-cı illərin əvvəllərində ümumilikdə idmanda yaşanan qeyri-stabillik şahmatdan da yan keçmədi. Azərbaycan şahmat məktəbinin bir sıra yetirmələri ölkəni tərk etdi, xaricdə təşkil olunan yarışlarda iştirakla bağlı vaxtaşırı çətinliklər yarandı. Həmin günlər geridə qalsa da, bu idman növündə hələ də ciddi çatımazlıqlar, çoxsaylı problemlər göz qamaşdırır.

Kimə məxsus olduğu bilinməyən federasiya

Şahmatın hazırki durumunu dərindən bilən mütəxəssislər birmənalı şəkildə federasiyanın idarə olunması və təşkilati səviyyəsindən narazıdır. 2007-ci ildən AŞF prezidenti vəzifəsini Milli Bankın rəhbəri Elman Rüstəmov icra edir. Lakin de-fakto ən üst səviyyəyə aid işlər Baş Nazirin birinci müavini Yaqub Eyyubovun nəzarətindədir. Təsadüfi deyil ki, geridə qalan 13 il ərzində cənab Rüstəmov nə bir şahmatçını şəxsən qəbul edib, nə də onların problemləri ilə maraqlanıb.

2

Federasiyanın "boz kardinalları" qismində vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədov çıxış edir. "Tapşırılmış" şahmatçıların yerbəyer edilməsi və digər açılıb-ağardılmayan məsələləri onlar həll edirlər. Əlbəttə, bir qurumun başında etinasız və həmin sahədən bixəbər rəhbər oturubsa, orda istənilən özbaşınalıq və hərc-mərclik baş verə bilər. İdarəçilik səviyyəsində növbəti çatışmazlıq vəzifəli şəxslərin müəyyən problemlərə görə üzərinə məsuliyyət götürməsidir. Sadə dillə desək, hər kəs yaxasını kənara çəkir. Bunun nəticəsində problem nəinki aradan qaldırılmır, hətta daha dərinə nüfuz edir. Bir müddət öncə yerli qrossmeysterərdən biri tərəfindən federasiyanı ciddi tənqid etmişdi. Belə məlum oldu ki, qurum saxta yolla dərəcə almış şəxsləri irəli çəkir, ezamiyyət və seminarlara göndərir. Şahmatçıların mənzillə təminatı zamanı bu sahədə xidməti lazımi qədər olmayanlara üstünlük verilir. Başqa sözlə, meyar kimi bacarıq yox, şəxsi tanışlıq və əlaqələr götürülür. AŞF, təbii olaraq bu ittihamları təkzib edir. Gələcək yazılarda bu mövzunu ətraflı işıqlandırmağa çalışacağıq.

UE

Vəsait ayrılır, nəyə xərcləndiyi məlum deyil

Federasiyanın hər il müəyyənləşdirilən büdcəni necə bölüşdürməsi də bir çoxları üçün qaranlıq məsələdir. Gənclər və İdman Nazirliyinin müntəzəm olaraq ayırdığı 250 min manatın hansı işlərə sərf olunduğu tək rəhbərliyin özünə məlumdur. 2017-ci ildə Azərbaycanın kişilərdən ibarət şahmat yığması tarixində 3-cü dəfə Avropa çempionu oldu. Bundan sonra Prezident tərəfindən ölkə şahmatının inkişafı üçün ayrılan 1 milyon manatın taleyi barədə dolğun məlumata sahib olan yoxdur. Faiq Həsənovun sözügedən vəsaitdən özünə 100 min manat mükafat yazdığı deyilir. İnanmağa çalışaq ki, həmin pul təkcə Faiq müəllim və yoldaşlarının şəxsi büdcəsini zənginləşdirməyib, həm də təyinatı üzrə azdan-çoxdan xərclənib. Ola bilsin, AŞF bu və ya digər məsələlər üzrə ictimaiyyəti məlumatlandırmaq istəyib. Amma qurumun mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi bərbad çalışdığına görə istəyini reallaşdıra bilməyib. Federasiyanın mətbuat katibi olmadığı kimi, rəsmi saytı da yoxdur. Gənclər və İdman Nazirliyi Şahmat Federasiyasının rəsmi saytı olaraq "www.azerichess.az" göstərir. Linkə daxil olduqda, interfeysi 2007-10-cu illərin forumlarını xatırladan sayt yüklənir. Burda Azərbaycan və rus dilləri  bölmələri olsa da, yerləşdirilən xəbərlər yalnız ruscadır. Federasiyadan bildirdilər ki, AŞF-nin rəsmi saytı hələ yoxdur, hazırlanır. İşlərin yubanmasına səbəb kimi koronavirus pandemiyasını göstərdilər. Bu məsələni daha öncə niyə həll etmədiklərini isə açıqlamadılar. Təkcə rəsmi informasiya resursunun olmaması Şahmat Federasiyasının müasir dövrün tələblərinə uyğunlaşmadığına bariz sübutdur.

Gənc şahmatçı yetişdirmək niyə çətin olmalıdır?

Azərbaycanı nüfuzlu şahmat yarışlarında uzun zamandır Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edir. Son olaraq 15 yaşlı Aydın Süleymanlı “Aeroflot Open” turnirində 50 qrossmeyster arasında 1-ci yeri tutmaqla böyük uğura imza atdı. Beynəlxalq Şahmat Federasiyasının fevral ayı üçün son reytinq siyahısına əsasən T.Rəcəbov 9, Ş.Məmmədyarov isə 10-cu pillədə qərarlaşıb. Adı çəkilən şahmatçılar Bakı və Sumqayıt məktəbinin yetirmələridir. Narahatlıq doğuran məsələlərdən biri Azərbaycanın regionlarından dünya səviyyəli şahmatçıların yetişməməsidir. Bu, bölgələrdə yerləşən şahmat məktəblərinin üz-üzə qaldığı çatışmazlıqlar fonunda təəccüblə qarşılanmamalıdır. Federasiya uşaq şahmatı ilə maraqlanmağın daşını çoxdan atıb. Perspektiv vəd edən uşaqları istiqamətləndirən, onlara dayaq duran kimsə yoxdur.

5

Digər məqam 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən şahmat və idman məktəblərinin birləşdirilməsidir. Hazırda bir sıra Uşaq-gənclər Şahmar İdman məktəblərinin direktoru boks, futbol və s. növlərin nümayəndələridir. Şahmat fərqli intellekt tələb edən növ olduğundan Təhsil Nazirliyinin birləşdirmə islahatını qeyri-effektiv hesab etmək olar. Şahmat 2011-ci ildə pilot layihə ümumtəhsil məktəblərinin dərs proqramına daxil edilsə də, bunun müsbət təsirini görmək mümkün olmadı. “Susmaq qızıldır” prinsipinə əməl edən AŞF layihənin nəticələri barədə aydın açıqlama vermədi, Təhsil Nazirliyindən də ətraflı hesabat gözləyənlər yanıldılar. Gənc şahmatçı yetişdirməkdə əziyyət çəkən federasiya yığma komandaya Arkadi Naydiçi gətirməklə işini bitmiş saydı. Halbuki şahmatda milliləşdirmə ölkəmizin bu növdə formalaşmış tarixi ənənələrinə təhqirdir. Yerli istedadlar, qrossmeysterlər əldən buraxılan ölkənin Naydiçə ehtiyac duyması qanunauyğunluq kimi qiymətləndirilməlidir.

Federasiya dövlət qayğısını nəticəsiz qoyur

Azərbaycan şahmatı üçün aktual problemlər sırasında xaricə “beyin axını” da var. Şahmat Federasiyası tərəfindən lazımi diqqəti görməyən gənc məşqçilər fəaliyyətini Avropa və Türkiyədə davam etdirməyi münasib variant sayırlar. Təkcə qardaş ölkədə yaşayan azərbaycanlı məşqçilərin sayı 50 civarındadır.

6

Azərbaycanın şahmat potensialını korlamaq, cavan kadrlara qəsdən maneələr yaratmağın əslində cinayətdən bir fərqi yoxdur. AŞF istedadları diri-diri basdırmaq əvəzinə iş metodları və yanaşma tərzini yeniləmək barədə düşünməlidir. İdman ictimaiyyəti dövlət tərəfindən respublikada şahmatın inkişafı üçün lazımi qayğı göstərilməsindən xəbərdardır. Bu qayğı torpağa həyat verən Günəş şüalarına bənzəyirsə, Şahmat Federasiyasının analoqu köhnəlmiş qara örtükdür. Həmin örtük şüaları udmaqla altındakı bitkilərin böyüməsinə imkan vermir. Halbuki rasional tədbirlər vasitəsilə tənəzzülə doğru gedən uşaq şahmatını dirçəltmək və ümumilikdə bu növün əvvəlki qüdrətini bərpa etmək hələ də gec deyil.

 

Azərbaycan şahmatı haqqında sonrakı silsilə yazılarımızda bu sahədəki problemləri daha geniş nəzərdən keçiriləcək.