OFFSİDE SPORT MEDİA uşaq futbolu ilə bağlı araşdırma yazılarına start verir.

Bu istiqamət çərçivəsində AFFA-nın aşağı yaş qrupları üzrə çempionatlarından bəhs ediləcək. İlk yazımızın mövzusu üç regionda, ümumilikdə 24 komandanın iştirakı ilə təşkil olunan U-9 liqasıdır. Bu mövsümdən keçirilən turnirdə əsas məqsəd futbolun ölkədə kütləviliyini artırmaq və uşaqlara bu idmanın sirlərini aşılamaqdır. Turnirin formatı və qaydaları uşaqların futbolu əylənərək öyrənməsinə imkan yaradır.


Turnirin coğrafiyası 

Çempionat üç regionda təşkil olunur: Paytaxt, Gəncə, Şimal. Hər qrupda səkkiz komanda çıxış edir.

REGİON

Oyunların keçirildiyi məkanlar

INFOQRAFIKA 1

AFFA çempionatın təşkilatçısı olduğu üçün mövsüm ərzində oyunların keçirildiyi stadionları da özü müəyyən edir. Klubların istifadə edəcəkləri əşyalar və avadanlıqlar da federasiya tərəfindən təmin edilir. AFFA bu turnir üçün nə qədər vəsait ayrıldığını açıqlamır. Federasiya buna səbəb olaraq hər il maliyyə-hesabatında liqalara xərclənən ümumi məbləğin qeyd olunduğunu göstərdi.

 

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə federasiyanın klublara turnirdə iştirak etməsi üçün kömək etdiyini bildirib:

“Layihənin uğurlu olması üçün federasiya tərəfindən bir sıra addımlar atılır. AFFA tərəfindən iştirakçı klublara turnirdə rahat iştirak etmələri üçün meydança, nəqliyyat vasitələri ayrılır”.

INFOQRAFIKA 2

 

U-9 Liqasında komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunsa da, bu qayda peşəkar futbol klubları və Bakı zonasında çıxış edən komandalara şamil edilmir.
“Fair Play” iştirakçıların əsas vəzifə borcudur.

İştirakçı klublar və ya komandalar U-9 Liqası üçün tərtib olunan Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər. FİFA tərəfindən tərtib olunmuş “Fair Play” turnir iştirakçılarının əsas vəzifə borcudur. Klublar və komandalar onları təmsil edənlərin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.

U-9 Liqada iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına, beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-9 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.


Savadlı futbolçu yetişdirmək cəhdi

Qaydalara görə iştirakçı komandalar üzvlərinin aid olan aşağıdakı sənədləri federasiyaya təhvil verməlidirlər:
İŞTİRAKÇI KOMANDALARDAN

Çempionatın oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. Bu da azyaşlı futbolçuların dərslərdən geri qalmamaları üçün edilib. Bundan əlavə, savadlı futbolçu yetişdirmək niyyətində olan federasiya çempionatda iştirak edə bilmək üçün klubların hər birindən iştirakçıların məktəb arayışlarını tələb edir. Bu liqanın əsasnaməsinin əsas bəndidir.

Qeyri-adi hakimlik

U-9 liqasında oyuna hakimliyi birinci hissədə nominal qaydada qonaq komanda qismində çıxış edən komandanın məşqçisi, ikinci hissədə isə nominal qaydada ev sahibi qismində çıxış edən komandanın məşqçisi edir.

AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev oyunlara nəzarət etmək üçün koordinator təyin etdiklərini qeyd edir:

 

“Çalışırıq klubların bizə çempionatda iştirak etmək üçün göndərdiyi siyahıda olan bütün futbolçular matçlarda meydanda olsunlar. Eyni zamanda məşqçilərin hərəkətlərinə və davranışlara nəzarət edilir. Bu uşaqların psixoloji olaraq yüklənməməsinə səbəb olur”.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə məşqçilərin oyunları idarə etməsinin lazımsız rəqabətə səbəb olmadığını bildirib:

“Matçların idarəsi üçün referilər ayrılmır. Oyunları məşqçilər idarə edirlər. Bu addım idarəçiliyin ədalətli olmasına hesablanıb. Oyuna referi təyin edəndə məşqçilər səhvləri haqsızlıq kimi qiymətləndirirlər. Bu zaman lazımsız rəqabət yaranır. Belə rəqabət isə uşaqların inkişafına mane olur. Bunun nəticəsində çoxlu azyaşlı uşaqlar futboldan uzaqlaşırlar. Qaydalarımızdan ən əsası və vacibi odur ki, bütün komanda üzvləri matçın gedişində meydana daxil olmalıdırlar”.

Mükafatlandırlımayan qaliblər

U 9 LİQASINDA NƏ QALİB OLUR

U-9 liqasında bütün oyunlar, bəzi istisnalar olmaqla, FİFA oyun qaydalarına əsasən keçirilir. Çempionatda “Oyundankənar” (off-side) vəziyyəti tətbiq olunmur. Qarşılaşmalar iki hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, hissələrarası fasilə isə beş dəqiqədir. Matçlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 20 futbolçunun adı qeyd olunur - yeddi əsas və 13 ehtiyat oyunçu. Komanda oyun zamanı əvəzetmələrdən istifadə etməklə ehtiyatda olan bütün oyunçuları oynatmalıdır.

Hər regionda ümumilikdə 14 tur, 56 oyun keçirilir. Turnirdə ümumilikdə 275 futbolçu iştirak edir. Bu da hər klubun heyətində ortalama 11,5 futbolçunun olması deməkdir. Komandalar hər oyunda 6+1 formatında meydanda olurlar.

AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev çempionatın üstün cəhətlərindən bəhs edərkən qeyd edir ki, bu mövsümdən etibarən start götürən U-9 liqası test xarakterlidir. Bu liqada oyunların nəticələri sonda qeydə alınmır və qaliblər mükafatlandırılmır. Bu da uşaqlara məğlubiyyət hissinin aşılamamağı üçündür. Oyunların nəticələri protokola qeyd edilsə də, mövsümün sonunda nəzərə alınmır. Bu liqada qalib olmur və mükafatlandırılmır.

Cəzalandırılmayan futbolçular

CƏZALANDIRILMAYAN FUTBOLÇULAR

U-9 Liqada sarı və qırmızı vərəqələrdən istifadə olunmur. Qarşılaşma zamanı kobudluq edən oyunçu olarsa, oyuna hakimlik edən komandanın baş məşqçisi tərəfindən rəqib baş məşqçiyə bildirilir və həmin oyunçu 2 dəqiqəlik oyundan kənarlaşdırılır. Oyundan kənarlaşdırılmış oyunçu cəza müddəti (2 dəqiqə) bitdikdən sonra yenidən oyuna daxil ola bilər (komanda meydanda tam heyətdə olmalıdır). Oyun zamanı cəzalandırılmış oyunçunun (cəza müddəti bitməmiş) əvəzinə digər oyunçu meydana çıxa bilər. U-9 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində “FAIR PLAY” qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "Yaşıl kart" göstərilir.

U-9 liqasında iştirak etməyən Premyer Liqa və I Divizion klubları
Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən üç klubun U-9 komandası yoxdur. Bunlar “Səbail”, “Zirə” və “Qəbələ”dir. I Divizionda çıxış edən klublardan “Zaqatala”, “Ağsu”, “Turan-Tovuz”, MOİK və “Qaradağ Lökbatan” U-9-da iştirak etməyə maraq göstərməyiblər. Burada oynayan ancaq “Kəpəz”in bu yaşda komandası var.

U-9 komandası olmayan Premyer Liqa klubları
U 9 KOMANDASI OLMAYAN PREMYER LİQA KLUBLARI

 

U-9 komandası olmayan I divizion klubları
U 9 KOMANDASI OLMAYAN I DİVİZİON KLUBLARI


Premyer Liqada iştirak edən “Zirə”, “Səbail” və “Qəbələ”nin U-9 liqasında niyə komandaları iştirak etmir?

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə komandasının doqquz yaşlılardan ibarət futbol çempionatında olmamasının səbəbini izah edib:

2 1

“AFFA-nın bu yaşda komandanın yaradılmasını tövsiyə edib. U-9 lisenziyanın şərtlərindən biri deyildi. Həm də çempionatın başlamasına 3-4 həftə qalmış bizə dedilər ki, komanda yığa bilirsinizsə, gəlin iştirak edin. Təbii ki, bu tezlikdə heyət yığmaq çətin məsələ idi. Əgər gələn mövsüm də keçirilsə, “Zirə” bu liqada iştirak edə bilər”.


“Bu turnir test xarakterlidir”

AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev “Səbail”, “Qəbələ” və “Zirə”nin U-9 liqasında komandaları olmamasının səbəbini açıqlayıb:

“Bu turnir test xarakterlidir. Bütün klublara iştirak etməsi üçün tövsiyyə etmişdik. Sadəcə “Qəbələ”nin iştirak etməməsini məqbul saymaq olar. Çünki həmin komandanın iştirakı üçün region yaradılmalı və burada klublar olmalıdır. Bir daha xatırladım ki, bu turnir test xarakterlidir və müəyyən çatışmazlıqlar var. Gələn mövsümdən komandaların da, regionların da sayı çoxaldılacaq”.
Cahangir Həsənzadə: “ U-9 liqasını gələn ildən üç yox, daha çox bölgədə keçirmək istəyirik”.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə gələn mövsümdən turnirin iştirakçı sayının artırılacağını qeyd edib:

2

“Liqanın genişləndirilməsi ilə bağlı artıq müzakirələr aparılır. Artıq yeni komandalar çempionatda iştirak etmək üçün bizə müraciət edirlər. Gələcək mövsümdən etibarən hər region üzrə çempionatda iştirakçıların sayını 16-ya çatdıra bilərik. Mövsümün sonunda bütün məqşçiləri bir yerə yığıb ümumi yığıncaq keçirəcəyik. Bundan sonra turnirdə nəyin yaxşı, nəyin pis olduğunu biləcəyik. Bu fikirləri nəzərə alaraq növbəti mövsüm üçün dəyişiklər edəcəyik”.

Beynəlxalq müqayisələr

Qonşu ölkələrə nəzər yetirdikdə, Gürcüstan və Türkiyədə U-9 liqalarının olmadığını görürük. Lakin hər klubun nəzdində bu yaşda komanda formalaşıb. Həmin klublar beynəlxalq yarışlarda və ölkə daxili müyyən turnirlərdə iştirak edirlər. Azərbaycanda Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubunun uşaq futbol məktəbləri fəaliyyət göstərir. Burada seçilmiş xüsusi uşaqlar həmin ölkədə seleksiya xarakterli məşqlərdə iştirak edirlər.

Millimizin sabiq məşqçisi Nikola Yurçeviç Xorvatiyada həvəskar komandaların belə aşağı yaş heyətləri olduğunu bildirib:

4 1

“Bizim ölkədə çoxlu aşağı yaş komandaları var. Bura U-7 və U-8 də daxildir. Bu komandalar uşaq futbolunun inkişafına kömək edirlər. Xorvatiyada bir neçə yüz klub və böyük futbol adət-ənənəsi var. Bir çox həvəskar komandaların aşağı yaş qrupları var. Bu komandalarının hərəsinin özünə uyğun dəsti-xətti və məqsədləri var”.

“Zimbru” Futbol Akademiyasının rəhbəri Vladimir Aqa Moldovadakı bütün klubların bu yaşda komandası olduğunu vurğulayıb:

5 1

“Moldovada bütün klubların U-9 komandaları var. Bu komandalar yerli çempionat da daxil, yoldaşlıq görüşlərində və kiçik turnirlərdə qarşı-qarşıya gəlirlər”.

Çempionatın mənfi və müsbət cəhətləri

U-9 liqasının keçirilməsinin 2 məqsədi var: Uşaqlar arasında futbolun təbliği və kütləviliyi, futbolçuların ustalığının yüksəldilməsi.  Cahangir Həsənzadə bunun əsas hədəflərinin olduğunu bildirib:

“Uşaqları erkən yaşdan futbola cəlb etmək istəyirdik. Düşündük ki, azyaşlılar yarışlara daha tez başlamalıdırlar. Bu yaşda uşaqların futbola marağa çox olur. Onların belə yarışdan kənarda qoymaq olmazdı. Ümumi seleksiyalar da az keçirilirdi. İndi nəyin ki, çoxalıb hətta çempionat da keçirilir. Ümumi fikir belədir ki, yarışda çıxış etməyəndə uşaqlar üçün məşqlər maraqlı olmur. Bu səbəbdən də turnir təşkil etməyə qərar verdik. Məqsədimiz bu yaşda olan uşaqları da futbola cəlb eləmək və həmin uşaqların oyun keyfiyyətlərini yüksəltmək idi”.

 

“Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru Tacəddin Doğan da U-9 liqasının formatından razı qalıb. Türkiyəli mütəxəssis çempionatın üstün cəhədləri ilə yanaşı problemi yönünün də olduğunu bildirib:

6

“Bu yaşda uşaqlara əsas futbolda əylənməyi və adaptasiya olmağı öyrədirik. Çempionat oyunları AFFA-nın Akademiyasında keçirilir. Həmin vaxt bir meydanda 4 qarşılaşma keçirilir. Bu da meydanda 4 hakimin olması deməkdir. Bir qarşılaşmada səslənən fit, o birində eşidilir. Bu da uşaqların oyunlarına təsir göstərir. Bir daha xatırladıram bizim əsas məqsədimiz uşaqların matçlara adaptasiya olmasını onlara aşılamaqdır. Bu da qarşılaşmalarda bizə mane olur. Ümumilikdə, U-9 liqasının keçirilməsi təqdirə layiq haldır”.

Yurçeviç də Azərbaycan U-9 liqasını keçirilməyini yüksək dəyərləndirib:

7

“Bu yaşda futbolçuların çempionatda iştirak etməsi yaxşı haldır. Onlar fiziki və psixoloji olaraq gələcək üçün hazırlanırlar. Bu, əla ideyadır. Futbolda böyük uğurlar qazanmaq üçün təmələ ehtiyac var”


Vladimir Aqa da Azərbaycanda keçirilən bu çempionatın futbolçuların səviyyəsinin artmasına kömək edəcəyini bildirib.

8

“Bu yaşda uşaqlar üçün yaxşı təşəbbüsdür. Tezliklə onlar anlayacaqlar ki, nə üçün bu qədər çox məşq edirlər. Onlar inkişaf etmək üçün daha çox çalışacaqlar. Məşqçilər bu liqanın yaxşı ideya olduğunu anlamalıdırlar. Çünki çempionatdan daha vacib burada hər tərəfli hazır olan komandanın iştirak etməyidir. Onlar fərdi məşqlərdə uşaqların bacarıqlarını artırmalıdırlar ki, futbolçular turnirdə öz istedadlarını nümayiş elətdirsinlər. Bu liqa mütləq şəkildə sizin futbolçuların səviyyəsini artıracaq”.

Ümumi mütəxəssis rəylərinə və fikirlərinə diqqət etdikdə U-9 liqasını uğurlu layihə adlandırmaq olar. Uşaqlar kiçik yaşlarından yarışlara və mübarizəyə adaptasiya olurlar. Çempionatın sonunda qaliblər mükafatlandırılmasa da, azyaşlılara psixoloji olaraq qalibiyyət hissi aşılanır. Bu da gələcəkdə formalaşacaq əsas millinin heyətində güclü və hər zaman qələbə haqda düşünən futbolçuların olmasına şərait yaradacaq.