Hər bir insanın maraqlarından asılı olaraq həyatda məqsədləri, ambisiyaları var. İdmanı peşə kimi seçənlərin yüksək hədəfləri sırasında ölkəsini ən nüfuzlu və ali turnirlərdə təmsil etmək, uğur qazanmaq yer alır.

Şübhəsiz ki, hər kəsi vahid bayraq altında birləşdirən Olimpiya Oyunlarında iştirak istənilən idmançının arzusudur. Orta hesabla 20 illik karyeraya malik idman ustası 4-5 Olimpiadada qüvvəsini sınayır. Bu turnirə fiziki və psixoloji imkanların ən üst səviyyəsində gəlmək gərgin hazırlıq tələb edir. Lakin dünya idman camiəsi təkcə motivasiyasını dördilliyin ən nüfuzlu yarışına kökləyən idmançılardan ibarət deyil. Olimpiya Oyunlarının proqramına daxil edilməyən onlarla idman növləri var. Onların arasında böyük azarkeş kültəsi və populyarlıq əldə etmiş növlər kifayət qədərdir.

2021-ci ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında 6 idman növü qurum tərəfindən (sambo, çirlidinq, lakross, aysştok, kikboksinq, tayboks) rəsmən tanındı. Lakin onların yaxın illərdə Olimpiada proqramına salınması nəzərdən keçirilmir. Olimpə indulgensiya "qazanmaq" növbəsini gözləyən növlərdən sambo, şahmat və futzalı xüsusi vurğulamaq mümkündür. İllər sonra "Tokio-2020"nin proqramına daxil olunan karatedən isə artıq indidən növbəti Paris Olimpiadasının Təşkilat Komitəsi imtina edib. Turnirdə əlbəyaxa döyüş növlərinin çox olmasını əsas gətirərək bu qərara haqq qazandıranlar da var.

cedvel

   Hər hansı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunduqdan sonra Olimpiya proqramına iddia edə bilər. Rəsmi tanınma üçün idman növünün qlobal səviyyədə federasiyası olmalı və həmin təşkilat Olimpiya nizamnaməsinə, Antidopinq kodeksinə uymalıdır. Onun bazasında kifayət qədər peşəkar idmançı fəaliyyət göstərməlidir. Göründüyü kimi, Olimpiya növləri adətən daha çox kütləni əhatə etməklə daim diqqət mərkəzindədir. Bu baxımdan qeyri-Olimpiya növlərinə maraq salan uşaq və gənclər "perspektivsiz gələcək" problemi ilə üzləşə bilərlər. Əsas məsələ maliyyə təminatı ilə əlqədardır.

Maliyyə azlığı, idman “diskriminasiyası”

Azərbaycanda idman federasiyalarını Gənclər və İdman Nazirliyinin birbaşa maliyyələşdirdiyi və sponsor dəstəkli olmaqla iki qrupa ayırmaq olar. İdmana sahibkarlıq subyektləri tərəfindən məhdud investisiya qoyulduğunu nəzərə alsaq, bu məsələdə əsas yük dövlətin üzərinə düşür. Qeyri-Olimpiya növlərinə daha az maliyyə ayrılması heç kimə sirr deyil. Bir tərəfdən normal olsa da, başqa prizmadan baxdıqda sanki diskriminasiya təəssüratı yaranır. Bu kateqoriyanın nümayəndələrindən böyük maddi dəstək şahmatın payına düşürdü - illik təxminən 200-250 min manat. Offsideplus.az vaxtilə Şahmat Federasiyası barədə silsilə yazılarında bu məsələyə toxunmuşdu.

   Məhdud maliyyə imkanlarına xüsusən uşaqlar həssasdır. Onların zəruri idman uniforması və digər xərclərini valideynləri qarşılamaq məcburiyyətində qalır. Qeyri-olimpiya növlərində maddi-texniki təchizat, infrastruktur problemləri daha qabarıq nəzərə çarpır. Yarıişıqlı, temperatur tənzimləyicisi olmayan zallarda məşq etmək arzuolunmaz haldır. Bir sıra zallarda adi duş kabinələri yoxdur. İnventar, idman avadanlıqlarını təzələmək də maddiyyat tələb edir. Bu çatışmamazlıqları əksər hallarda valideyn, idmançı və məşqçilər öz imkanları daxilində həll etməyə çalışırlar.

   Fiziki məşqlər üçün zalda 1 turnik quraşdırmaq 50 manata başa gəlir. Tatamilərin (döşək) qiymətləri isə 20-110 manat arasında dəyişir. Statistikaya görə, 2020-ci ildə Olimpiya Kompleksləri və digər idman qurğularının qismən saxlanılmasına dövlət büdcəsindən 8.8 milyon manat* sərf olunub. Ümumiyyətlə qeyri-olimpiya növlərini də maddi-texniki bazası və ənənələrinə görə şərti olaraq 2 qrupa bölümək mümkündür. Sambo, kikboksinq kimi növlər daha yaxşı-maddi texniki bazaya malikdir. Azərbaycana yaxın keçmişdə gələn tayboks (muay tay), pauerliftinq (çəkiqaldırma), qismən armrestlinq, alpaqut, bəzi Şərq döyüş növləri təminat baxımından, yumşaq desək, ideal durumda deyil. Vətənimizə 90-cı illərin ortalarında gələn muay tay daha çətin vəziyyətdədir. Bu növ üzrə kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Şəhriyar İsayev problemlərdən danışarkən bir sıra məqamlara toxunub.

241442961 379174083771380 4533522058762991995 n copy

   "Hazırda yığma komandanın məşq zalı yoxdur. Əvvəl Bakının müxtəlif hissələrində zal icarəyə götürüb məşq etmişik. Olimpiya Komitəsinin son sessiyasından çıxarılan qərardan sonra, yəqin ki, problemlərimizə də diqqət yetirilər. Bizə yeni zal ayrılacağını bildiriblər. Pandemiya dövründə məşq edə bilmirdik. Məşqçilərin sosial vəziyyəti də acınacaqlı idi. Çünki qeyri-olimpiya növlərində məşqçilər müntəzəm maaş almırlar. Onlar uşaqların aylıq ödənişləri sayəsində həm icarə haqqını verir, həm də özünü təmin edirdi.

   Uzun zaman yarışlara tam heyətlə getmək imkanımız olmurdu. Maksimum 1-2 idmançı göndərmək mümkün olurdu. Daha çox perspektivli idmançıların turnirlərə getməyinə bəzən icra hakimiyyətləri və idman dairələri kömək edirdi. Bu yaxınlarda U-23 komandamız Kazan şəhərində MDB ölkələrinin ilk ev oyunlarında (4-11 sentyabr) iştirak edəcək. Yaxşı nəticələr qazanacağımıza inanıram".

   Qeyd etmək yerinə düşər ki, ölkəmizdə idman federasiyalarına ayrılan maliyyə və onların xərclənməsinin hesabatına rast gəlmək müşkül işdir. 2020-ci il dövlət büdcəsində bədən tərbiyəsi, idman və gənclər siyasəti məqsədilə 55 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulmuşdu. Pul ayrılır, necə xərcləndiyi isə tam açıqlanmır. Gənclər və İdman Nazirliyi maliyyə hesabatını açıqlamaq fikrindən uzaq görünür. Heç sponsor dəstəkli federasiyalar da gəlir və xərcləri barədə tez-tez məlumat verməkdə maraqlı görünmürlər. Son olaraq Azərbaycan Gimnastika Federasiyası seçki xarakterli ümumi toplantısında (25.01.2021) maliyyə hesabatını açıqlamışdı. Bəzi federasiyaların susmasını anlamaq olar. Onların içində illərlə işçilərə və idmançılara əməkhaqqı verməyən qurumlar mövcuddur.

Məşqçiləri diqqətdən kənarda qoymaq olmaz

   İdman formaları və ləvazimatları əsasən təmənnasız verilmir. Onları zalda məşqə gələnlər vasitəçilər və ya mağazalardan ödənişlə əldə edirlər. Söhbət ciu-citsu, şaolin, kunq fu və s. xüsusi geyim qaydası olan növlərdən gedir. Bir qayda olaraq, qeyri-Olimpiya növləri üzrə beynəlxalq turnirlərə böyük heyət aparmaq mümkün olmur. Əsas məqsəd nəticə qazanmaq olduğundan yarışlara tanınmış idmançılar aparılır, böyük yarış təcrübəsi qazanmaq istəyən uşaqlar isə yenə ailələrinin ümidinə qalırlar. Adının gizli qalmasını istəyən sambo üzrə məşqçilərdən biri sadalanan problemlərin sambodan yan keçmədiyini etiraf etsə də, gələcəyə nikbin baxışlarını ifadə edib.

3

   "Sambo Beynəlxalq Olimpiya komitəsi tərəfindən tanınandan sonra ona marağın artması müşahidə olunur. Bilirsiz ki, bu növün Azərbaycanda zəngin tarixi var. Lakin əvvəllər Olimpiya növü olmadığından diqqətdən kənarda qalırdı. Ümid edirik, vəziyyət düzələr.

   İdman dəstləri, inventar adətən idman cəmiyyətləri və klubları tərəfindən təmin edilir. Yığma üzvlərinin təminatı ilə birbaşa Sambo Federasiyası məşğul olur. Ölkə birinciliyində fərqlənən idmançı beynəlxalq yarışlara göndərilir. Bizim məşqçilərə maaşı idman cəmiyyətləri verir. Onlara maliyyəni Gənclər və İdman Nazirliyi ayırır. Bir çox Uşaq Gənclər İdman Məktəblərində sambo şöbələri fəaliyyət göstərir. Bunlar isə Təhsil Nazirliyinin tabeliyindədir”.

   Belə görünür ki, müəllim və idmançıların sosial-iqtisadi həyat şəraitini ayrıca məsələ kimi nəzədən keçirmək lazımdır. Məşqçilərin maddi təminatı, məvacib sistemi ilə əlaqədar vahid mexanizm yoxdur. Qeyri-olimpiya növlərində çalışan müəyyən qrup məşqçilərin maliyyə mənbəyi bilavasitə tələbələrdir. Ona görə məlum pandemiyanın yayıldığı zamanda bağlanan zallar bu kateqoriya məşqçiləri xeyli çətin vəziyyətə salmış oldu. Güzəranını təmin etmək üçün alternativ yollar axtaran idman ustası diqqətini tam olaraq idmana cəmləşdirə bilməz. Motivasiyası yerlə-bir olan məşqçinin durumunda idmana loyallıqdan danışmaq yersizdir. Dünya təcrübəsində hər hansı mütəxəssisin qazancı onun peşəkarlıq səviyyəsi, nailiyyətləri, reytinqi, menecerlərlə əməkdaşlıq məsələləri və s. amillərdən asılıdır. Olimpiya çempionu yetişdirən məşqçiyə dövlət xüsusi məvacib təyin edə bilər. Amma onların qeyri-Olimpiya növlərində əmək verən həmkarları bu imtiyazdan məhrumdur. Bu məsələ uşaq və yeniyetmə idmançılara birbaşa aid olmasa belə, ümumi götürəndə dolayı yolla onların da yetişməsi, hazırlığına təsir göstərir. Çünki aşağı yaş qruplarında çalışan məşqçilərin zəhməti və qazancı tərs mütənasiblik təşkil edir.

Problemləri aradan qaldırmaq üçün bir neçə variant var. Olimpiya proqramından kənarda qalan idman növlərinə minimum ehtiyacı miqdarında maliyyə cəlb olunmasına çalışmaq zəruridir. Əlbəttə, idmana pul xərcləmək vəzifəsi təkcə dövlətin üzərinə düşməməlidir. İdmana yatırımlar, sponsorların maliyyə dəstəyi mütləqdir. Maddi-texniki bazanın güclü olması sonrakı işlər üçün açar rolunu oynayır. Düzdür, yarıqaranlıq zallardan çıxmış çempionlar da kifayət qədərdir. Lakin yaxşı şəraitdə məşq edən uşaqdan istənilən nəticəni almaq ehtimalı daha böyükdür.

*- Mənbə: Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik H E S A B A T

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.