Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"a Plzen şəhərində 2:1 hesabı ilə qalib gələn Çexiyanın "Viktoriya" klubunun sahibi Adolf Şadek oyunla bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, "Premier Sport 2" telekanalına müsahibəsində bunları deyib: "Emosional olaraq özümdə deyiləm. Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi isə diriyəm. Futbolçulara bunu dərk etdiklərinə görə minnətdaram. Deməliyəm ki, heç vaxt bitməyəcək bir günüm oldu. Dördüncü dəfə Çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. Üstəlik, qızım günorta saat 4-ün yarısında doğuldu. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğunsuz olardı. Ofisdə tək idim, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik".

Plzen təmsilçisinin sahibi maddi durumu yaxşı olmayan klubun Çempionlar Liqasının qrupuna düşməklə, bu vəziyyətdən çıxa biləcəyini söyləyib: “Biz klub olaraq digərlərindən bir qədər fərqli fəaliyyət göstəririk. Söhbət puldan yox, üçüncü əlavə dəyərdən gedir. Mən situasiya ilə mübarizə aparıram. İnanırıq ki, biz yenə Praqadan olan rəqiblərimizi ("Slaviya" və "Sparta" nəzərdə tutulur) su altında qoyacağıq".

Qeyd edək ki, "Viktoriya" iki oyunun nəticəsində (ilk görüşdə - 0:0, cavab matçında isə 2:1) "Qarabağ"ı üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Ağdam təmsilçisi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.