UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" (Plzen, Çexiya) matçından (0:0) sonra qonaqların baş məşqçisi Mixal Bilek mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız müdafiədən oynadı. Bu, həmişəki taktikanızdır, yoxsa "Qarabağ"dan çəkindiyinizə görə belə çıxış etdiz? 

- "Qarabağ"a böyük hörmətimiz var. Açıq oynasaydıq, daha sürətli matç alınardı. Əsas məqsədimiz müdafiə olunmaq idi.

- Oyunun nəticəsi sizi qane etdi? 

- Bu nəticədən razıyıq. Bizi daha ağır cavab oyunu gözləyir. Buna xüsusi hazırlaşacağıq. Matçdan əvvəl "Qarabağ"ın gücünü bilirdik. Çox güclü komandaları mübarizədən kənarlaşdırıb. Amma bizim də şanslarımız oldu. Cavab matçında daha şanslı olacağıq.

- Komandanız çox kobud oynayırdı. Səhv etmirəmsə, əsas müdafiəçilərinizdən biri cəzalı duruma düşdü... 

- Düşünmürəm ki, futbolçular çox aqressiv idi. İrəli getmək üçün tələsirdik. Ola bilsin, bu sürət belə görünüb. Normal və aqressiyasız oynadıq. Bəli, bir oyunçumuz cəzalı duruma düşdü. Amma biz onsuz da güclüyük.

- Qapıçınızın oyununu necə qiymətləndirirsiz? 

- Kifayət qədər yaxşı oynadı. Çexiyada ən yaxşılardandır. Cavab matçında da formasında olacaq və yüksək səviyyədə çıxış edəcək.

- Bu nəticənizi qapıçınızın adına bağlamaq olar? 

- Bu hesab ədalətli nəticə idi. Hər iki komandanın şanslarını bərabər görürəm.