Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan "Mançester Siti" - "Borussiya" (Dortmund) qarşılaşması Ovidiu Haçeqanın şübhəli qərarları ilə yadda qaldı.

Offsideplus.az xəbər verir ki, rumın referinin ciddi söz-söhbətlərə yol açan iki məlum qərarı "Borussiya" cəbhəsində böyük narazılıqlara yol açıb. Müxtəlif açıqlamalar, fərqli paylaşımlar... Komandanın bu oyunda iştirak etməyən aparıcı futbolçularından olan Ceydon Sanço isə "tvitter" hesabında paylaşım edib. İngiltərə millisinin üzvü "bu hakimi yoxlamağa ehtiyac var" yazıb.

Qeyd edək ki, 40 yaşlı Haçeqan öncə ingilislərin qapısına təyin etdiyi penaltini ləğv etmiş, daha sonra Cud Bellinqemin qolunu hesaba almamışdı. Matçın "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə başa çatdığını da xatırladaq.

UEFA hakimlərlə bağlı məşqçi və futbolçulara bu cür ifadələr işlətməyə icazə vermir. Odur ki, Sançonun Avropanın ali futbol qurumu tərəfindən hansısa cəzaya məruz qalacağı gözləniləndir.