İki mövsüm əvvəl "Real Madrid" ilə "Liverpul" arasında keçirilən Çempionlar Liqası finalına səhvləri ilə damğa vuran Loris Karius ilk dəfə özünü müdafiə edib.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhənginin 1-0 önə keçdiyi oyunda sanki Benzemaya ötürmə verən Karius, hesab 2-1 olarkən Beylin zərbəsi zamanı topu əlindən qaçıraraq komandasının 1-3 hesablı məğlubiyyətində əsas günahkar olur.
2018-ci ilin yayında "Liverpul" "Roma"dan Alisson Bekkeri heyətinə qatır və Loris Kariusu "Beşiktaş"a icarəyə göndərir.
Futbolçu "Bild" nəşrinə açıqlamasında Ramosla toqquşmada beyin sarsıntısı keçirdiyini və bir müddət toparlana bilmədiyini deyib: "İnanın mənə, bundan çox şey öyrəndim. Geri dönüb baxdığımda, ictimaiyyəti daha çox məlumatlandırmalı idim deyə düşünürəm. Serxio Ramosun sərt zərbəsindən sonra sarsıntı yaşadım. Bu daha sonra dünyanın ən məşhur beyin doktorları tərəfindən də təsdiqlənib. Əvvəlcə bunu bildirmək istəmədim. Pis niyyətli o qədər təhqirlər eşidirdim ki. Bunu deməyim bəhanə kimi qəbul olunacaqdı deyə susdum".
Alman qolkiper özünə edilən təhqirlərdən də danışıb: "24 yaşımda Çempionlar Liqası finalındaydım. Belə finalda hazırda oynayan alman qapıçılardan təkcə Noyer və Ter Ştegen var. Əvvəlki yaxşı bütün çıxışlarım birdən-birə unuduldu. Mənə göstərilən reaksiya sərt və hörmətsizcə idi. Biz futbolçular internet üzərindən həddən artıq təhqir olunuruq.O mesajları digər insanlar oxusalar 2 gün gözlərinə yuxu getməz. Oyunçunu fitə basan azarkeşi günahlandıra bilməzsiniz. Pul verib oyuna gəlirlərsə, narazılıqlarını bildirməlidirlər. Ancaq şəxsi təhqirlər və ölümlə təhdid etməkləri düzgün deyil".