"Liverpul"un futbolçusu Xerdan Şakiri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə qarşılaşacaqları “Srvena Zvezda” matçı üçün Serbiyaya aparılmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlamasında deyib. Klubun saytına danışan alman mütəxəssis, Serbiya - Albaniya münaqişələrinə görə, Şakirini aparmadıqlarını deyib:
“Şakirini Serbiyada nələrin gözlədiyi haqda bəzi şeylər eşitmişik. Heç bir siyasi bəyanat vermirik. Biz diqqət mərkəzində futboldan başqa bir şeyin olmadığını göstərmək istəyirik”.
Kosovo əsilli alban futbolçu İsveçrə millisinin şərəfini qoruyur. DÇ-2018-də keçirilən İsveçrə - Serbiya matçında, serb azarkeşlər Şakirinin üzərinə plastik qablar və digər maddələr atırdı. Bu matçda Serbiya millisinin qapısına qol vuran Şakiri, sevincini Albaniyanın müstəqillik rəmzi olan qartal işarəsini göstərərək yaşamışdı. Bu hərəkətə görə Şakiri FİFA tərəfindən 7,5 min avro cərimələnmişdi.